Xəbər verdiyimiz kimi, sentyabrın 12-14-də İtaliyanın Bolonya şəhərində G20 Konfessiyalararası Forumu keçirilib. Forumun “Avrasiyada dini amillər: çağırışlar və imkanlar” adlı sessiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə də çıxış edib.
Foruma dəvət olunduğuna görə Azərbaycanın dini konfessiyalarını təmsil edən nümayəndə heyəti adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirən QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Dinlərarası Forumun iştirakçılarına çatdırıb.
Şeyxülislam dünyanı təhdid edən təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin, qlobal dialoqun gücləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, müasir dövrdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları siyasi-ictimai təhlükəyə çevrilib. QMİ sədri xüsusilə qeyd edib ki, heç bir din insan ölümünə, terror və təhqirə haqq qazandırmır.
QMİ sədri bildirib ki, Azərbaycan Ermənistanın 30 ilə yaxın müddətdə davam edən təcavüzünə 2020-ci ildə son qoyub və ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilib.
“Torpaqlarımız işğaldan azad edildikdən sonra acınacaqlı faktlar üzə çıxıb. Burada əvvəllər mövcud olmuş məscidlərin əksəriyyəti tamamilə dağıdılıb, qəbiristanlıqlar, digər dini ibadətgahlar, o cümlədən Rus Pravoslav və Qafqaz Alban kilsələrinin mənsubiyyəti dəyişdirilməklə yanaşı vandalizmə də məruz qalıb. İşğaldan azad edilmiş torpaqlarda hazırda yenidənqurma işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, bu ərazilərdə zərər çəkmiş, orada mövcud olan bütün dini konfessiyaların məbədləri bərpa ediləcək, yeniləri inşa olunacaq. Azərbaycanda bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Ölkəmizdə bütün dini konfessiyalara öz dini etiqadını ifadə etməsi, ibadətlərini, dini ayin və mərasimlərini yerinə yetirmələri üçün dövlət tərəfindən bərabər şərait yaradılıb”, - deyə o vurğulayıb.
Sessiyada çıxış edən Beynəlxalq İslam Missiyası Təşkilatının sədri Şafiq Pşixaçev Rusiyada İslamın müasir tarixindən bəhs edərkən Sovet İttifaqının dağıldığı zaman şeyxülislam Allahşükür Paşazadənin Rusiyanın müsəlman qurumlarına verdiyi böyük mənəvi dəstəyi vurğulayıb və buna görə Qafqaz xalqlarının QMİ sədrinə dərin minnətdarlıq hissi bəslədiyini deyib.