Təxminən ilyarımdır ki, hamımız danışırıq. Pandemiya dövründə teatr olsunmu-olmasınmı? Bizimlə bənzər (epidemioloji) şəraitdə olan bir çox ölkələrdə teatrlar açılıbsa, tamaşalar göstərilirsə, biz nəyi (və niyə) gözləyirik?...

Elə bu dəmdə biz də “teatrları açın” deyən teatr adamlarına, daha doğrusu, teatrların yaradıcılıq baxımından əsas simalarına – rejissorlarına səsləndik: nə təklifiniz var?

Onlar da “performans”larını göstərib, plan-proqramın anonsunu özünəməxsus “rejissor açar”ları ilə verdilər.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov:

“XXI əsrin 20-ci ilində dünya özü də dərk etmədən yeni bir fəlakətlə üzləşdi. Əvvəl çaşqınlıq keçirdi, sonra tədriclə dirçələrək elmin köməyi ilə bu fəlakətə qarşı mübarizəyə başladı. İlk baxışdan gözəgörünməz düşmənə qalib gəlsə də, hələ də mübarizə davam etməkdədir. Lakin hamı anladı ki, insanlığın adət etdiyi həyat tərzini ona qaytarmaq lazımdır. Əks təqdirdə, kütləvi psixoz başlayar ki, bu da daha dəhşətli fəlakətlərə gətirib çıxarar. Dünyanın bir parçası olan ölkəmizdə də pandemiya ilə mübarizədə təsirli tədbirlər görülür. İqtisadiyyat tədricən dirçəlir. Aylardır mövcud olan  qadağalar bir çox sahələrdən götürülüb. Amma mədəniyyət ocaqları elə bil ki, unudulanlar sırasındadır.

Kütləvi sənət olan teatr sənəti isə lap əziyyət çəkir. Ona hava, su kimi lazım olan səhnə hələ də boşdur... Və hərdən sual olunur ki, ümumiyyətlə, teatr lazımdırmı? Bəli, lazımdır! Teatrın yaşaması vacibdir! İnsanlığın azı 2500 il bundan əvvəl yaratdığı bu möcüzəni heç bir fəlakət dağıda, məhv edə bilməz! Sadəcə, teatrı qorumaq lazımdır. XX əsrdə baş verən bütün müharibələrdə belə sənət adamları, üç nəfər üçün də olsa, tamaşa oynayıblar. Ona görə də həmin bu tarixi unutdurmaq istəyənlər gərək düşünsünlər. Anlasınlar ki, hər şey bitəcək, yeni nəslin yetişməsi üçün daha təmiz, daha saf cəmiyyətin qurulmasını təlqin edən teatr sənətini yaşatmağın yolu dünyada qoyulan qadağalara rəğmən fəaliyyətinin bərpasına icazə verməkdir. Yalnız bundan sonra sizin soruşduğunuz  təklifləri sıralamaq olar. Səhnəsiz heç bir aksiya məna ifadə etmir”.

 

Yuğ Dövlət Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə:

“Biz hələ qapanmadan çıxa bilməmişik. Pandemiya şərtləri, qadağalar hələ də qüvvədədirsə, bu şəraitdə nə etmək olar? Onlayn fəaliyyətdən isə söhbət açmayacam. Çünki onlayn teatr fəaliyyəti deyil, heç bir səmərəli iş və perspektivdən söhbət gedə bilməz.

Nələrsə etmək düşüncəsindəyik. Əlbəttə, biz aparıcı, akademik teatr deyilik. Fəaliyyətin öncəliyi aparıcı, akademik teatrlarda olmalıdır. Amma bu o demək deyil ki, biz sakitcə oturub onları gözləməliyik. Dünya indi çox nəhəng dəyişikliklər astanasındadır. Robotlar, texniki tərəqqi insan beyni üzərindən əməliyyatlar apardığı bir vaxtda fərqli formatlar barədə düşünməliyik. Əslində, sənət illüziyadır və bu olmazsa, içində yaşadığımız reallıqdan bezər, müvazinətimizi itirərik.

İllüziya bizə yaşamağa kömək edir. Onun  özündə insan azadlığı deyilən bir şey var və biz bunu günün formatında realizə edə bilərik. Arxaik formanı təkrar etməklə uğursuzluğa növbəti dəfə düçar olacağıq. Artıq tamaşaçı klassik, primitiv teatr növünü istəmir, gəlmir, gəlməyəcək. Tamaşaçı ilə “immersiv” teatr formasında, bu dildə danışılmalıdır. Bunun üçün mən kiçik cəhdlər də etdim. Bu cəhdlərin daha mükəmməl bir formata çevrilməsi lazımdır. Bu teatrı yaratmaq və onu yeni danışıq dili kimi önə çəkmək lazımdır. Razılaşmayanlar ola bilər. Hərçənd mənim didiklərimin ənənəyə,  klassisizmə tərs mütənasibliyi yoxdur. Məhz klassikanı yaşatmaq üçün bu yeni formanı - danışıq dilini tapmalıyıq, tamaşaçını cəlb etmək üçün yeni yanaşma tərzini sınaqdan keçirməliyik. Mən immersiv formanı seçdim və bununla bağlı nazirliyə bir tamaşa müraciəti də etdim. Bu tamaşa artıq teatr divarları arasına deyil, əksinə, canlı ünsiyyətə, məkansızlığa çağırır. Buna meydan tamaşası demək istəmirəm, çünki bu da bir ayrı formadır. İstənilən halda səyyar tamaşa düşüncəsindəyəm. Hələ ki, nazirlikdən cavab almamışam.

“Nizami Gəncəvi İli” ilə bağlı da məkansız bir ideyam var idi və təəssüf ki, o da realizə oluna bilmir. Buna nəinki içində olduğum teatr, heç məhkum olduğumuz şərait də imkan vermir. İstəklər və reallıqlar arasındakı böyük uçurum içindəyəm. Rejissor olaraq özümü ifadə etmək alətlərim, imkanlarım məhduddur. Bu məhdudiyyətlərdə yeni səhifə aça bilməyəcəyik. İnsan harada düşünür, harada öyrənir? Teatrda. Bunları əldə etmək üçün mütləq bizə şərait lazımdır. Yox, əgər bu vəziyyət hər kəsi məmnun edirsə, onda sözüm yoxdur...”.

 

Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov:

“Təəssüf ki, sırf teatrla bağlı absurd bir vəziyyət yaranıb və heç kim yığılıb qalan suallara cavab vermir. Hərçənd pandemiya şəraitində qonşu dövlətlərin bir çoxunda teatrlar işləyir. Yəni, digər sahələrdə də olduğu kimi, teatrda da müvafiq qaydalarla işləmək, tamaşaçı ilə ünsiyyət qurmaq olar. İnanın ki, məhz bu etinasızlıq biz yaradıcı adamları daha çox sarsıdır.

“Təklifiniz varmı” sualınıza cavab olaraq deyim ki, Mədəniyyət Nazirliyi də teatrların mövcud vəziyyətlə bağlı fikirlərini öyrənir, biz də müvafiq fikirlərimizi bildirmişik. Pandemiya dövrünün teatrı ilə bağlı danışdıqda isə, deməliyəm ki, heç bir “Amerika kəşfi” lazım deyil və kimlərsə öz həvəskar istəklərini teatr üzərindən reallaşdırmağa çalışmasın. Bu günə qədər də teatr var idi və normal iş gedirdi. Təbii ki, yaradıcı məhsuldarlıq başqa bir mövzudur. Teatrda idarəçilikdən yaradıcılıq istiqamətinədək istənilən islahatı eləmək olar. Özü də bunun proses gedərkən tətbiqi daha rahatdır. Bütün hallarda qapanma, məhdudlaşdırma teatra ziyandır və biz bunun fəsadlarını uzun müddət görəcəyik. Zatən aktyorlar, yaradıcı insanlar teatr məkanından başqa hər yerdə bir-biriləri ilə rahat görüşür, söhbətləşir, təmasda olurlar. Bu mənada sanki yeganə yoluxma yeri teatrdır, səhnədir.

Yeni mövsümdə Lənkəran Dövlət Dram Teatrında bir tamaşa hazırlayacağam. Artıq ilkin müzakirə başa çatıb, məşqlərə başlayacağıq. Teatr Xadimləri İttifaqının qısa tamaşalarla bağlı festivalına da qatılacağıq. Ümumən isə biz yaradıcı insanlar, səhnə adamları sərbəstlik, yaradıcı iş üçün imkan istəyirik. Vallah, aktyorlar da pessimizmə qapılıblar, perspektiv görünmür deyə, adam lap başını itirir. Ola bilər ki, müvafiq  qurumlarda bununla bağlı hansısa iş görülür. Amma yaxşı olar ki, bizlər də məlumatlı olaq və ən azından bizi nəyin gözlədiyini bilək”.

 

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova:

“Təbii ki, mən də digər həmkarlarım kimi tez-tez bu yeni formalar və üsullar üzərində düşünürəm. Amma teatrın öz qanunları var və burada üç təməl ünsür əsasdır – səhnə, aktyor və tamaşaçı. Başqa forma yaratmaq olar, amma bu, artıq teatr olmayacaq.

Bu gün bütün dünya, həmçinin Azərbaycan  pandemiya şəraitində çalışmağa cəhd edir. Açıq havada festivallar keçirilir, tamaşalar qurulur. Həyatımıza yeni daxil olan onlayn adı altında da festivallar,  laboratoriyalar təşkil edilir, teatrlar öz repertuarlarını bu formata uyğunlaşdırmağa çalışır. Amma bunlar sadəcə, müvəqqəti tədbirlərdir və heç biri əsl teatr deyil. Pandemiya şəraitində yeni teatr forması da tapılmayıb, tapılmayacaq da. Çünki bu, mümkün deyil. Onlayn formalar teatrın əsas təməlini  məhv edə bilər. Teatr canlı sənətdir və mütləq canlı ünsiyyət olmalıdır. Artıq ölkəmizdə vətəndaşların xeyli qismi peyvənd olunub, teatr adamları da həmçinin.  Bütün qorunma şərtlərinə əməl edib, teatrları yavaş-yavaş normal fəaliyyətinə qaytarmaq olar. Mən məhz buna inanıram və çoxsaylı planlarımı da məhz etiraz əlaməti olaraq buradan sadalamıram. Çünki bu, okeanda salla səyahətə oxşayır...

Əgər səyyar tamaşa, müxtəlif məkanlarda performans istəyirsinizsə, mən çoxdan “hə” deyirəm. Zatən məkan dəyişikliyini çox sevirəm və bunu tez-tez tətbiq edirəm. Amma daha çox ölkədən xaricdə qurduğum tamaşalarda. Barda, ofisdə, zirzəmidə tamaşalar, videoart performanslar da hazırlamışam. İndi durub deyəcəklər ki, “barda da tamaşa göstərərlər?”. Məncə, tamaşaçının olduğu hər yerdə tamaşa göstərmək olar, təki tamaşaçı teatrı, sənəti, səhnəni duysun və uyğunsuz məkan anlayışlarından imtina etmiş olsun. Hazırkı vəziyyətdə açıq hava, həmçinin iri qapalı məkanlar – “mall”ar və s. tamaşa göstərmək üçün mümkün məkanlardır”.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rejissoru Emil Əsgərov:

“Teatrların açılması məsələsi çox mürəkkəb və ziddiyyətlidir. İnanıram ki, Azərbaycan dövləti və bu işə birbaşa cavabdeh olan qurum da teatrın açılması arzusundadır.

Şəxsən mənim hazırlamaq ərəfəsində olduğum, pandemiyadan dolayı hazırlaya bilmədiyim tamaşalar qalıb və tez bir zamanda adi iş rejimimizə, məhdudiyyətlərlə də olsa, fəaliyyətimizin bərpasına razıyam.

Konkret son vaxtlar müzakirə olunan açıq hava nümayişləri, küçə tamaşalarına gəlincə, sırf xəbər mövzusu olsun deyə küçədə tamaşa göstərməyə ehtiyac yoxdur. Bundan əvvəl niyə bu haqda danışılmırdı. Küçə performanslarını düşünmək elə pandemiya dövrünə qalmışdı?

Virusun yeni-yeni yayılmağa başladığı ərəfələrdə mətbuatda oxuyurdum ki, “bir neçə teatr onlayn məşqlərə başladı” və həmin məşqlər əsərin oxu prosesindən o yana gedə bilmədi. Deməli, bu sadəcə, “tamaşa” çıxarmaq idi, vəssalam. Şəxsən mən bunun perspektivini əvvəldən görmürdüm. Yaxud onlayn nümayişlər. Demirəm, bu lazım deyildi, əlbəttə, bizim başqa çıxış yolumuz yox idi. Ona görə də tamaşaçı ilə yaradıcı kontakt itməsin deyə, məcburən buna gedildi. Həm də yeni təcrübə idi və yeni imkanlar qazanıldı. Amma hətta Rusiya və Avropa teatrları da bu effekti ala bilmədilər. Özü də ən bahalı texnika ilə. İndi küçə performansı arzulamaq da belədir; gələcək vəd etməyən ideya. Xüsusən, akademik teatrın simasında. Bunun üçün özəl teatrlar var. Akademik teatr novator axtarışlara hər zaman hazırdır, amma heç bir ölkədə akademik status daşıyan teatr küçə performansları ilə məşğul deyil. Yox, əgər bu xüsusi məna kəsb edən yaradıcılıq faktıdırsa, rejissor öz tamaşasının nümayişini məhz küçə, məkan teatrı estetikasında görürsə, bu, başqa məsələ. Yoxsa teatr fəaliyyət göstərmir deyə yığışaq gedək küçə performansı göstərək, açıq havada tamaşa oynayaq, bu, məntiqə sığmayan bir addımdır.

Bu, o anlama gəlməsin ki, biz halımızdan məmnunuq. Qətiyyən! Teatrların maddi və mənəvi itkiləri xeyli böyükdür. Teatrın bütün yaradıcı heyəti səhnə üçün çox darıxır. Amma unutmayaq ki, bir dəfə küçə performansı ilə mahiyyət dəyişməyəcək. Teatrın daha dərin problemləri var...”.

Həmidə NİZAMİQIZI