“Buraya gələndə qanlı-qadalı döyüşlər bir daha gözümün önündə canlanır”
2020-ci ilin 27 sentyabrı... Bir il bundan əvvəl Ordumuz düşmən üzərinə əks-hücuma keçərək 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etdi. Bu o döyüş idi ki, üstündən illər, əsrlər keçsə də, Vətən övladlarının misilsiz qəhrəmanlıqları xalqımızın yaddaşında əbədi qalacaq, dillərdə dastana dönəcək.
Xalqımız, şanlı Zəfərimizə sevinən hər kəs Vətən müharibəsinin başlanmasının birinci ildönümünü böyük qürur hissi ilə, qalib ruhla qarşılayır. Bu qüruru bizə bəxş etdiyinə görə Ali Baş Komandanımıza və rəşadətli Ordumuza minnətdarıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz düşmənin 30 ilə yaxın möhkəmləndiyi müdafiə sədlərini yararaq bizləri doğma Qarabağımıza qovuşdurdu... Minlərlə igid Vətən oğlu ərazi bütövlüyümüz uğrunda həyatını qurban verdi, sağlamlığını itirdi.
Vətən müharibəsində Qələbəmizin parlaq nişanələrindən biri də paytaxtımızdakı Hərbi qənimətlər parkıdır. Bu ilin yanvar ayında inşasına başlanılan və Prezident İlham Əliyevin iştirakı ilə aprelin 12-də açılışı keçirilən park gənc nəslin vətənsevərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət kəsb edir.
27 sentyabr – Anım Günü ərəfəsində biz də II Qarabağ müharibəsində düşmənin qoyub qaçdığı, Ordumuz tərəfindən ələ keçirilən hərbi qənimətlərin bir hissəsini canlı görmək üçün Xətai rayonunun Nobel prospektindəki parkı ziyarət etdik.
“Qarabağ Azərbaycandır!”
Parka daxil olarkən ilk olaraq bizi meydanda ucaldılmış üçrəngli, şanlı Zəfər bayrağımız qarşılayır. Arxada isə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü avtomobillərin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya sərgilənir. Kompozisiyanın sağında Vətən müharibəsi zamanı baş verən hadisələrin xronoloji ardıcıllıqla qeyd olunduğu iri bir lövhə yerləşir. Burada sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Ordusunun əldə etdiyi və həyəcanla xəbərini gözlədiyimiz zəfər xəbərləri ilə yanaşı, mənfur düşmənin Gəncədə, Bərdədə, Tərtərdə dinc sakinlərə qarşı qəddarcasına törətdiyi hərbi cinayətlər haqqında məlumatlar da əks olunub. Bu məlumatlar müharibənin gedişi barədə parkın ziyarətçiləri üçün qaranlıq qalan məqamları aydınlaşdırır.
Meydançada diqqəti cəlb edən üç pavilyon yer alıb ki, onların ikisində işğalçı ordunun istifadə etdiyi, çoxu işlək vəziyyətdə olan silahlar və hərbi sursatlar nümayiş etdirilir. Digər pavilyonda isə Şuşaya atılmış “İsgəndər-M” raketinin qalıqları yer alıb.
Parkda “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi, ümumilikdə 300-dən çox eksponat nümayiş olunur. Bunlara düşmənin 150-dək ağır texnikası, o cümlədən “T-72” tankları, BMP-1 piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər ağır zirehli texnika, atıcı silahlar, hərbi nəqliyyat vasitələri və s. qənimətlər aiddir.
Tar-mar edilmiş düşmənin hərbi texnikası, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, məğlubiyyətə uğradılan düşmən ordusunun hərbçilərinin mulyajları, müzəffər Azərbaycan Ordusunun qalib əsgər və zabitlərinin mulyajları, Vətən müharibəsinin gedişatı barədə məlumatlar haqlı və güclü olduğumuz qəhrəmanlıq salnaməmizi bir daha göz önündə canlandırmağa imkan yaradır.
Parkda ermənilərin Qarabağda qurduğu sığınacaqların, hərbi kazarmaların eynisi olduğu kimi canlı eksponatların arasında yaradılıb. Məsələn, bu tunel bizi düşmənin döyüşlər zamanı yerin altında gizləndiyi bunkerə aparır. Bunkerdə olan silahlar, əsgər yataqxanası, ərzaq anbarındakı məmulatlar, otaqlarda olan əşyalar, döşəmədəki daşlar cəbhə xəttində necə ələ keçirilibsə, olduğu kimi də Hərbi qənimətlər parkında nümayiş olunur. Hətta parkdakı oturacaqlar belə ermənilərdən götürülən silah yeşiklərindən, işıq dirəkləri boş mərmi gilizlərindən düzəldilib. Tullantı qabları isə tank mərmisinin fulyarından hazırlanıb. Burada düşmən hərbçilərinin döyüş meydanında qoyub qaçdığı boş dəbilqələr üçün də xüsusi guşə ayrılıb. İnsanların xüsusi marağına səbəb olan bu guşədə 500-ə yaxın dəbilqə sərgilənir. Bir sözlə, parkdakı hər bir eksponat Ordumuzun qüdrəti, xain düşmənin qorxaqlığı, acizliyi haqqında dolğun təsəvvür yaradır.
“Bu qənimətlər qalib ölkə olmağımızın sübutudur”
Parkı dolaşa-dolaşa ziyarətçilərdən bəzilərinin fikirlərini də öyrəndik. Qismətdən ilk müsahibimiz Zəki Feyziyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, hər dəfə bu parka gəlişində qanlı-qadalı döyüşləri xatırlayır: “O səhnələr sanki gözümün önündə canlanır. Bu qənimətlər bizim qalib ölkə olmağımızın sübutudur. Buna görə tez-tez buraya baş çəkib bu qürur hissimi təzələyirəm”.
Otuzillik işğal dövründə düşmənin haqqında hər dəfə fəxrlə bəhs etdiyi mühəndis-maneə sisteminin birbəbir əksi maraq doğurur. Televiziya kanallarında işğaldan azad olunmuş rayonlarımızda düşmənin vaxtilə yaratdığı mühəndis-istehkam qurğularını dəfələrlə görmüşdük, indi bu sədlərin eynisi Bakının mərkəzində quraşdırılıb. O maneələri canlı görə bilməyənlər düşmənin necə müdafiə mövqeyi yaratdığını, Azərbaycan əsgərinin hansı sədləri yardığını, hansı çətinliklərə sinə gərərək Zəfər qazandığını təsəvvürlərində canlandırırlar.
Bütün bunları görüb qürurlanmamaq mümkün deyil. Paytaxt sakini Üzeyir Balayev də həmin hissləri yaşayır: “Məncə, Hərbi qənimətlər parkı Ordumuzun şanlı Zəfərinin canlı sübutudur. Buraya hər gələndə qəlbim qürur hissi ilə dolur. Bizə bu sevinci yaşadan oğullarımıza təşəkkürümüzü bildiririk. Bu Zəfəri bizə gətirən qəhrəmanlarla fəxr edirik”.
Bir qədər irəlidə düşmən səngərlərinin maketi hazırlanıb. Beton dirəklər, maşın şinləri ilə möhkəmləndirilmiş torpaqda qazılan istehkamları gəzəndə, torpağa maketi basdırılmış minaları görəndə özünü gerçəkdən düşmən səngərində hiss edirsən...
Ailəsi ilə düşmənin vurulan texnikalarını seyr edən Cəlal Eyyubova yaxınlaşarıq. O, uşaqların vətənpərvər ruhda böyüməsi üçün bu parkın önəmini vurğulayır: “44 günlük İkinci Qarabağ müharibəsində xalqımız hər zaman yumruq şəklində birlik olduğunu təsdiqlədi. Bu qənimətlər “Dəmir yumruğ”un qüdrətinin göstəricisidir. Var olsun “Dəmir yumruq”, var olsun Azərbaycan Ordusu...”.
Parkı ziyarət edənlər arasında müəllim və tələbələr də az deyil. Arzu Hacıyeva Abşeron rayonu Xırdalan şəhər 1 saylı tam orta məktəbində riyaziyyat müəllimi işləyir. Parka bir qrup şagirdini də gətirib. Deyir, şagirdlərimlə 44 günlük Vətən müharibəsi vaxtı hər gün həyəcanla Prezidentimizin çıxışını gözləyirdik: “Hər dəfə hansı rayonumuzun azad olunduğu açıqlanarkən böyük qürur hissi yaşayırdıq. Bu parkda şanlı Zəfərimizin nişanələrini gördükcə keçirdiyim qürur hissi daha da artır. Tezliklə digər şagirdlərimi də bu parka gətirəcəyəm ki, onlar da qanları ilə tarix yazan qəhrəmanların şücaətlərini görsünlər”.
***
Parkda təkcə işğalçı erməni ordusundan qənimət kimi götürlən texnika nümayiş olunmur. Burada eyni zamanda Vətən müharibəsində düşmən vəhşiliyinin, xalqımıza qarşı müharibə cinayətlərinin sübutları da sərgilənir. Düşmənin müharibə vaxtı cəbhə xəttindən aralıda yerləşən yaşayış məntəqələrimizə atdığı “Smerç” və “Toçka-U” tipli ballistik raketlərin qalıqları bizim bəşəri dəyərlərdən uzaq bir düşmənlə üz-üzə olduğumuzu göstərir.
Parkın ərazisində yaradılmış videotəqdimat bölməsindəki monitorlarda isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qələbə soraqlı məlumatları, xalqa müraciətləri yer alıb.
Parkın ərazisində həmçinin informasiya, suvenir mərkəzləri, kafe də fəaliyyət göstərir. Ziyarətçilər suvenir mərkəzindən milli brendlərin Azərbaycana, o cümlədən Qələbəmizə həsr olunan müxtəlif məhsullarını əldə edə bilərlər.
Hərbi qənimətlər parkındakı ekspozisiyalar bunlarla bitmir. Haqqında danışa bilmədiyimiz hələ nə qədər eksponat var. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır...
Sonda onu da qeyd edək ki, həftənin 6 günü açıq olan parkı yerli vətəndaşlar 2, xarici vətəndaşlar isə 10 manat ödəyərək ziyarət edə bilərlər. Milli Qəhrəmanlar, şəhid ailələri, uşaq evlərində yaşayanlar və internat məktəblərinin şagirdləri, həmçinin 6 yaşına qədər uşaqlar, respublika muzeylərinin əməkdaşları üçün ödəniş tələb olunmur.
NURƏDDİN
Foto: Həbib HÜSEYNOV