2022-ci il Bursa şəhəri üçünüçqat əlamətdar olacaq
Xəbər verildiyi kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının sentyabrın 16-da Özbəkistanın Xivə şəhərində keçirilən 38-ci iclasında təşkilatın gələcək fəaliyyəti, o cümlədən “Türk Dünyasının Mədəniyyət Paytaxtı”, “TÜRKSOY Xatirə İli” proqramları üzrə qərarlar qəbul olunub.
Qeyd edək ki, bu, 2019-cu ildən bu yana təşkilatın ilk toplantısı idi. Ötən il pandemiya səbəbindən TÜRKSOY-un Daimi Şurası toplana bilməmiş, həmçinin 2020-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Xivə şəhərində tədbirlər keçirilməmiş, bu üzdən 2021-ci il üçün də “paytaxt” seçilməmişdi. Pandemiyanın bir il gecikdirdiyi “Xivə-2020 – Türk Dünyasının Mədəniyyət Paytaxtı” şöləni sentyabrın 14-də böyük təntənə ilə gerçəkləşib. İki gün sonra isə TÜRKSOY-un Daimi Şurası növbəti – 2022-ci ilin “paytaxt”ını elan edib.
İclasda TÜRKSOY-a üzv olan ölkələrin mədəniyyət sahəsi üzrə rəhbər şəxsləri – Özbəkistanın mədəniyyət naziri və TÜRKSOY Daimi Şurasının sədri (dönəm başqanı) Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər naziri Kayrat İmanaliyev, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeşov, Türk Şurasının Baş katibi Bağdad Amreyev, TÜRK PA-nın Baş katibi Altınbek Mamayusupov, eləcə də Türk Şurasında müşahidəçi üzv olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto (fəxri qonaq statusunda) iştirak ediblər. Səhhəti ilə bağlı Xivəyə gələ bilməyən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Daimi Şura toplantısına videoformatla qoşulub. Türkmənistan mədəniyyət nazirinin müavini Nursahet Şirimov, Qaqauziya (Moldova) Mədəniyyət və Turizm Baş İdarəsinin müdiri Marina Semionova və Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil və mədəniyyət naziri Olgun Amcaoğlu da toplantıya onlayn qatılıblar.
Baş katib Düsen Kaseinov TÜRKSOY-da təmsil olunan ölkələrə təşkilatın fəaliyyətinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. “Bilge Kağan atamızın tövsiyələrinə əməl edərək gecə yatmadan, gündüz oturmadan bütün gücümüzlə çalışdıq. Ortaq mədəniyyətimizi bütün dünyada tanıtmaq üçün səy göstərdik”, – deyə o vurğulayıb.
Baş katibin müavini Bilal Çakıcı iştirakçıları TÜRKSOY-un 2020-2021-ci illər üçün maliyyə vəziyyəti haqqında məlumatlandıraraq görülən işlər haqqında təqdimat edib.
Sonra Türkiyənin müvafiq müraciəti dəyərləndirilərək Bursa şəhəri 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunub. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Osmanlı dövlətinin ilk paytaxtı olan, tarixi və memarlıq quruluşu, yaşıllıqları və təbii gözəllikləri ilə ziyarətçiləri valeh edən Bursanın bu ada layiq görülməsinin önəmini vurğulayaraq 2022-ci ildə Türk dünyasının hər yerindən qonaqları qəbul etməkdən məmnun olacaqlarını deyib.
Onu da qeyd edək ki, gələn ilin sonlarında bu şərəfli estafeti Bursadan Azərbaycanın Şuşa şəhəri qəbul edəcək. Toplantıda çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı”na namizədliyini irəli sürüb.
Daimi Şuranın iclasında həmçinin Türk dünyasının görkəmli şəxsiyyətlərini anmaq və tanıtmaq məqsədilə həyata keçirilən “TÜRKSOY Xatirə İli” proqramı üzrə qərarlar da elan edilib. Beləliklə, 2022-ci il Türk dünyasında böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun (1922–1984), tanınmış qırğız dramaturqu, Qırğızıstanın Xalq yazıçısı Toktobolot Abdumomunovun (1922–1989) anadan olmasının 100-cü, türk mütəfəkkiri və təsəvvüf şairi Süleyman Çələbinin (1351–1422) vəfatının 600-cü ildönümü münasibətilə “xatirə ili” kimi qeyd olunacaq. Əlavə edək ki, türkcə qələmə alınmış “Mövlud-şerif”in müəllifi kimi tanınan Süleyman Çələbi eyni zamanda Bursadakı Ulu caminin imamı olub. 2022-ci il həmçinin Bursa şəhərinin İstiqlal savaşında işğaldan azad edilməsinin 100-cü ildönümüdür. Bu baxımdan “Türk Dünyasının Mədəniyyət Paytaxtı” ili qədim şəhər üçün üçqat əlamətdar olacaq.
TÜRKSOY Daimi Şurasının iclasında Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş təqdimatla çıxış edərək bu il xalq sənətkarlığı sahəsində UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə də üzv seçilən Bursanın tarixi, mədəniyyəti, abidələri, ipəyi, ədviyyatları və digər özəllikləri haqqında ətraflı məlumat verib.
Beləliklə, TÜRKSOY-un 2012-ci ildən həyata keçirilən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsinin xəritəsi Astana (Qazaxıstan), Əskişəhər (Türkiyə), Kazan (Tatarıstan), Marı (Türkmənistan), Şəki (Azərbaycan), Türküstan (Qazaxıstan), Kastamonu (Türkiyə), Oş (Qırğızıstan) və Xivədən (Özbəkistan) sonra Bursa adı ilə işıqlanacaq...
Mehparə SULTANOVA
Ankara