Sentyabrın 21-də Milli Kitabxanada XIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Milli musiqi xəzinəmizdən” layihəsi üzrə nəşr olunan Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirildi.

Mərasimi açıq elan edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirdi ki, kitabxana festival çərçivəsində bu layihəni təqdim etməkdən qürur duyur: “30 ilə yaxın ruhları nigaran qalan Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Vasif Adıgözəlov və Süleyman Ələsgərovun ruhu bu gün şaddır. Üzeyir Hacıbəyli festivalının sentyabrın 18-də Şuşada gerçəkləşən konsertlərini izləyən hər bir azərbaycanlı qürur hissi yaşadı”.

Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birlikdə milli musiqimizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirdiyini deyən direktor qeyd etdi ki, ilk layihə 30 min qrammofon valının disklərə köçürülməsi olub. Daha sonra “Milli musiqi kitabxanası” (burada xalq və bəstəkar mahnılarının notları və onların lent yazıları bir araya gəlib), habelə “Petruççi beynəlxalq kitabxana layihəsi”ndə Azərbaycan bəstəkarlarının 300-dən artıq səsyazması, aşıq və xalq mahnıları öz əksini tapıb.

Direktor bildirdi ki, bu gün təqdim olunan “Milli musiqi xəzinəmizdən” layihəsində isə 1940-1980-ci illərdə çapdan çıxan not məcmuələri yenidən nəşr edilib: “Bu layihə üzrə 40 adda məcmuə artıq musiqi məktəblərinə təqdim edilib. 1 il 8 ay müddətində ərsəyə gələn bu nəşrlər kitabxanalara paylanılmaqla yanaşı, elektron variantı nazirliyin saytında uşaq musiqi məktəblərinin portalında da yerləşdirilib. Dünyanın müxtəlif ölkələrindən istifadəçilər istənilən zaman bu notlardan istifadə edə bilərlər. Musiqi mədəniyyətimizin dünyada təbliği baxımından layihə böyük əhəmiyyət kəsb edir”.

Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı münasibətilə musiqi ictimaiyyətinə təbriklərini çatdırdı. O, uzun illərdir ölkəmizdə musiqi sahəsində çap işində boşluqların olduğunu dedi: “Biz çalışacağıq ki, bu boşluqları dolduraq. Musiqi sahəsi Azərbaycanda nəşr baxımından əziyyət çəkən yeganə sahədir. Məlumat üçün qeyd edim ki, nazirliyin tərkibində kitab nəşri ilə bağlı komissiya yaradılıb və komissiyada musiqişünaslar, sənətşünaslar da təmsil olunur. Sizlərdən xahişimiz odur ki, bu sahə üzrə indiyə kimi nəşr edilməyən, yaxud hazırda çapına ehtiyac duyulan kitablarla bağlı təkliflərinizi təqdim edəsiniz. Biz böyük məmnunluqla bu nəşrləri həyata keçirərik. Not məcmuəsinin ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edirəm”.

Nazirliyin İncəsənət şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov yeni nəşrlərin gənc nəslin musiqi biliklərinə daha dərindən yiyələnməsində böyük önəm kəsb etdiyini bildirdi.

Təqdimatda Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova çıxışlarında nəşrlərin bəstəkarların irsinin təbliği baxımından əhəmiyyətini diqqətə çatdırdılar. Təklif edildi ki, gələcəkdə təkcə fortepiano deyil, digər alətlər üçün də nəşrlərə yer verilsin. Həmçinin məcmuələrdə, qısa da olsa, müəllif haqqında məlumat və sonradan işlənmiş əsərlərin müəllifləri qeyd edilsin.

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov, Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Bəstəkarlar İttifaqının məsul katibi Cəmilə Həsənova da nəşrlərin əhəmiyyətini vurğulayaraq tələbat olan ədəbiyyata diqqət ayrılmasını ön plana çəkdilər. Bildirildi ki, nəşrlərin sırasında bu gün unudulmaqda olan bəstəkarlar Məmməd Nəsirbəyov, Müdhət Əhmədov, Ayna Sultanova, Bayram Hüseynlinin əsərlərinin yer alması təqdirəlayiqdir. Çıxışlardan sonra qonaqlar məcmuələrlə tanış oldular.

Lalə AZƏRİ