“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda açıq səma altında Rusiya xalqlarının mədəniyyət festivalı keçirilib. “Dil mədəniyyətləri mozaikası” adlı festival Bakıda Rus Evi (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) tərəfindən təşkil edilib.

Konsert proqramında Azərbaycanın rus icmasının nümayəndələri və musiqi kollektivləri – “İqray, qarmon” ansamblı, tatar icmasının “Tuqan Tel” ansamblı və azərbaycanlı rəqqas Fərid Kazakov, ləzgi icmasının “Suvar” ansamblı və solist Cəvahir Abdulova iştirak ediblər. Festivalda “Naxış” kollektivinin və “Davam” gənclər hərəkatı nümayəndələrinin – “Xarıbülbül” kollektivinin ifasında Azərbaycan xalq musiqisi və rəqsləri ifa edilib.

Bakı Caz Festivalının iştirakçısı – Moskvadan gələn “Jazz du Soleil” musiqi qrupu və kollektivin solisti Anna Kaşina festivalın xüsusi qonaqları olub.

Festivala gələnlər Rusiyanın müxtəlif xalqlarının mədəniyyəti ilə tanış olub, yaradıcı kollektivlərin çıxışlarını izləyiblər. Milli azlıqlar öz etnik simalarını qoruyaraq ümumi Azərbaycan mədəniyyətinə öz töhfələrini verir, onu zənginləşdirir və eyni zamanda ondan bəhrələnirlər.

Festivalın aparıcısı beynəlxalq musiqili-bədii layihələrin müəllifi və təşkilatçısı, müəllif mahnıları festivallarının laureatı Vəfa Məmmədova olub.