Təkliflərin yarısı mehmanxana fəaliyyətinə aiddir
      
   Azərbaycanda 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə tədbirlər planının hazırlanması üçün Mədəniyyət və Turizm Nazirliyində yaradılmış İşçi Qrupa turizm fəaliyyəti ilə məşğul olan qurumlardan təkliflər daxil olmaqda davam edir.
      
    İşçi Qrupunda təmsil olunan Azərbaycan Turizm Şirkətləri Assosiasiyası (AZTA) da bir sıra təkliflər hazırlayaraq İşçi Qrupuna təqdim edib.
   AZTA prezidentinin müşaviri Müzəffər Ağakərimovun dediyinə görə, qurum tərəfindən 30-a yaxın təklif hazırlanıb. Bu təkliflərin 14-ü mehmanxanaların fəaliyyətinə aiddir: «2011-ci ilin «Turizm ili» elan edilməsi Azərbaycan dövləti tərəfindən turizm sahəsinə göstərilən diqqətin göstəricisidir və ölkədə turizm fəaliyyəti ilə məşğul olan bütün insanları daha da səmərəli işləməyə təşviq edir. Turizmin inkişafı Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan Azərbaycan Turizm Assosiasiyası da fəaliyyətini genişləndirir. Təqdim etdiyimiz təkliflər də «Turizm ili» çərçivəsində həyata keçirilməsi vacib olan işləri əhatə edir”.
   M.Ağakərimov mehmanxanaların fəaliyyətinə aid təkliflərin bir qismini açıqladı: Hotel biznesinin inkişafı ilə əlaqədar Azərbaycan Turizm İnstitutunda hotelçilk fakültəsinin açılması; MDB, Avropa və dünyanın digər ölkələrində Azərbaycan turizminin inkişafının təbliği, hotel və restoran biznesində yeni texnologiyaların tətbiqi, turizm mütəxəssislərinə və turizm təhsili alanlara kömək məqsədilə AZTA-nın «Hotel» jurnalının nəşr olunması; Turizm, hotel, restoran və ekskursiyaya aid dərs vəsaitlərinin az olduğunu və bunlara olan tələbatı nəzərə alıb kitabların nəşrini sürətləndirmək və stimullaşdırmaq; Mədəniyyət və Turizm Nazirliyinin yerli idarə və şöbələrinin köməyi ilə orta məktəb şagirdlərinin Bakıya və regionlara ekskursiyaların təşkili; Hotellər arasında müsabiqələrin, o cümlədən hotel restoranlarında kulinariya müsabiqələrinin təşkili, milli yeməklərimizin təbliği və s.
   
   Yeri gəlmişkən:
   «Turizm ili» ilə bağlı İşçi Qrupunun toplantısı keçirilib
   
   2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyində yaradılmış İşçi Qrup fevralın 3-də növbəti toplantısını keçirib. Nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun qəzetimizə verdiyi məlumata görə, toplantıda müxtəlif təşkilatlardan İşçi Qrupuna daxil olmuş 80-ə yaxın təklif müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq İşçi Qrupunun ilkin layihəsi hazırlanıb. Layihə bir daha nəzərdən keçirildikdən sonra Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunacaq.

   Fəxriyyə Abdullayeva