Azərbaycan dilinin hərtərəfli tədqiqi və təbliğində böyük əməyi olan alimlərimizdən bir də akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Afad Qurbanovdur. O, dilçiliyimizdə özünün elmi məktəbini yaradan fədakar tədqiqatçılardandır.

Afad Məmməd oğlu Qurbanov 10 yanvar 1929-cu ildə Qərbi Azərbaycanda, Kalinino rayonunun (indiki Ermənistan ərazisi) Qızıl Şəfəq kəndində hərbçi ailəsində dünyaya göz açıb. Orta təhsilini də doğma kəndlərində alır. Məktəbli ikən istedad və bacarığı ilə diqqəti cəlb edir. 1941-1945-ci illər müharibəsində kadr qıtlığı üzündən 16 yaşlı Afad Qızıl Şəfəq yeddiillik məktəbinin direktoru təyin edilir. Eyni zamanda müəllim kimi fəaliyyət göstərən Afad Qurbanov 1946-cı ildə arxa cəbhədəki fədakar əməyinə görə II Dünya müharibəsinin veteranı medalı ilə təltif olunur. O, 1948-ci ildə Gürcüstan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirir. Başkeçid rayonundakı Qruzman yeddiillik kənd məktəbinə direktor və Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin edilir.

Bir müddət işlədikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) Dil və ədəbiyyat fakültəsinə qəbul olunur. 1951-ci ildə təhsilini başa vurur. Gürcüstanın Başkeçid rayonundakı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsində işləyir. Eyni zamanda bir müddət A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda müəllimlik fəaliyyəti göstərir. 1956-cı ildə yenidən Bakıya qayıdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasında aspiranturaya daxil olur. Professor Əbdüləzəl Dəmirçizadənin elmi rəhbərliyi ilə 1962-ci ildə “Səməd Vurğunun “Vaqif” pyesinin dili və üslubu” mövzusunda namizədlik (fəlsəfə doktoru), 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə edir. 1970-ci ildə professor elmi adı alır. Pedaqoji İnstitutun Filologiya fakültəsinin dekan müavini, dekanı, 1981-ci ildə təhsil ocağının rektoru vəzifəsinə təyin edilir.

Azərbaycan dilçilik elmində bir sıra sahələrin əsasını qoyan alimin ümumi dilçilik, türkologiya və Azərbaycan dilçiliyinin tədqiqinə dair 70-dən artıq kitab, dərslik, monoqrafiya, 500-dən çox elmi-metodik məqaləsi işıq üzü görüb. İkicildlik “Ümumi dilçilik”, “Müasir Azərbaycan ədəbi dili”, “Azərbaycan dilinin onomalogiyası” və s. elmi əsərləri milli dilçiliyimizin qiymətli mənbələrindən hesab edilir. Azərbaycan onomalogiyasının müstəqil nəzəri dilçilik şöbəsi – elmi məktəb kimi formalaşması bilavasitə Afad Qurbanovun adı ilə bağlıdır.

Filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli araşdırmasında yazır ki, XX əsrin görkəmli türkoloq dilçilərindən olan Afad Qurbanov türkologiyanın inkişafı üçün öz tarixi töhfəsini verib. Onun “Türkoloji dilçilik” monoqrafiyası, “Türk antroponimlərinin inkişaf dövrləri”, “Ümumtürk antroponimiyası tarixi”, “Türkoloji dilçiliyə dair biblioqrafiya”, “Türk xalqlarında advermə ənənələri”, “Qədim türk adları”, “Ortaq türk dili” və s. kitabları gərgin elmi axtarışların diqqətəlayiq nəticəsidir.

Elmi fəaliyyəti yüksək qiymətləndirilən alim 1981-ci ildə “Əməkdar elm xadimi” adı alır. İkicildlik “Azərbaycan dilinin onomalogiyası” monoqrafiyasına görə Dövlət mükafatına layiq görülür. Həmin dövrdə filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri seçilib. Görkəmli alim həm “Dilçilik” elmi-linqvistik və “Onomastika” elmi-onomastik jurnalının təsisçisi, baş redaktoru olub. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi, “Azərbaycan onomastikası”, “Azərbaycan onomalogiyası məsələləri”, “Poetik onomastika”, “Azərbaycan dilinin onomalogiyası” kimi sanballı monoqrafiyaları çap olunub. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişaf dövrlərini müəyyənləşdirən alim hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandırıb. Yorulmaz tədqiqatçı latın qrafikalı Azərbaycan əlifbası islahatının təşkilatçı və dəstəkçilərindən olub.

Görkəmli alim 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir. Afad Qurbanov Azərbaycan Milli Yaradıcılıq Akademiyası, Beynəlxalq Pedaqoji Elmlər Akademiyası, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyası və Nyu-York Akademiyasının akademiki, Türk Dil Qurumu fəxri üzvü, Sürətli Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika Cəmiyyətinin, Finlandiyanın Fin-Uqor Cəmiyyəti və digər təşkilatların həqiqi və ya fəxri üzvü olub. 1987-ci ildə ABŞ-ın İndiana Universitetində keçirilən Türk tədqiqatları üzrə ikinci beynəlxalq konfransında “Azərbaycan onomastikası sahəsində elmi tədqiqatlar” mövzusunda, 1989-cu ildə isə Norveçin Ural-Altay İnstitutu tərəfindən Oslo şəhərində keçirilən Daimi beynəlxalq altayşünaslıq konfransında “Kutianlar və onların şəxsi adları” adlı məruzələri dinlənilib.

Akademik Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.

Savalan FƏRƏCOV