Vətən müharibəmizin, 2020-ci ilin 27 sentyabrda başlanan və bizi qısa zamanda şanlı Zəfərə yetirən İkinci Qarabağ savaşının, möhtəşəm tarixin ildönümünə günlər qalır.

Bizi bir xalq olaraq illərdir gözlədiyimiz səadətə, vüsala qovuşduran qəhrəman oğullarımızın itkiləri, ürəyimizdə od yandırıb gedən yoxluqları ilə barışmaq çətin olsa da, yeganə təsəllimiz azad Vətən torpağı, aydın Vətən səmasıdır.

Onun da, Vətəni basılmaz edən döyüş yoldaşlarının da əsas arzusu bu idi: Qarabağın işğaldan azad olunması. Məhz onların canları, qanları bahasına bizlər Qarabağ adlı sevdamıza, eşqimizə qovuşduq və qəlbimizdə silinməz iz qoyan adlara sonsuz məhəbbət dastanları yazmağa başladıq...

İndi “Hadrut fatehi”ni, Vətən müharibəsi şəhidini, Xüsusi Təyinatlı Qüvvələrin əlahiddə gücə və zəkaya malik kəşfiyyatçısı, rabitəçisi, baş gizir Camal İsmayılovu tanımayan adam çətin tapılar. Yaddaşımızda məğrur duruşu, qəlbimizdə “Qızım, hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olarlar” deyişi ilə şırım açan Camalı bu dəfə həm yenilməz döyüşçü, həm bənzərsiz ata, həm də mükəmməl həyat yoldaşı kimi yad edəcəyik. Zaman-zaman bələdçilərimiz qısa, lakin şərəfli ömür yolundan faktlar, ömür-gün yoldaşı Fatimə İsmayılovadan eşitdiyimiz kövrək xatirələr olacaq.

 

Həyat

 

Vətən uğrunda şəhid olmağı şərəf bilənlərdən biri də o idi – Camal Vidadi oğlu İsmayılov. 1984-cü il iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində doğulmuşdu. Hərb sahəsinə hədsiz marağı olduğundan öz yolunu da artıq müəyyən etmişdi. 2002-ci ildə həqiqi hərbi xidmətə başlayır və dərin zəkası, bacarığı ilə qısa müddətdə hərbi hissə komandanlığının diqqətini çəkir. Beləliklə, zəka və gücünü bu istiqamətə yönəldir, hərbçi kimi qalıb xidmətini davam etdirməyə qərar verir. Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı, baş gizir kimi fəaliyyətə başlayır. Ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edir. Onun saysız təlimlər, ön cəbhədə məxfi əməliyyatlarda iştirakı həmişə uğurla nəticələnir. 2016-cı ilin Aprel döyüşlərinə qatılan və xüsusi şücaəti ilə seçilən Camal İsmayılov göstərdiyi qəhrəmanlığa görə təltif edilib.

Haqqında danışılanlardan aydın olur ki, o, yalnız ön cəbhədə xidmətə üstünlük verib. Məhz buna görə də Bakıya göndərilməsinə etiraz edərək ön cəbhəyə getmək istədiyini deyib və “Dostlarım müharibədə döyüşsün, mən isə burada qalım? Mümkün deyil, bunu özümə sığışdıra bilmərəm” sözlərini də yazılı müraciətinə əlavə edib.

Hadrut qəsəbəsinin düşməndən azad olunmasında adından söz etdirib. Düşmənin rabitə vasitələrinə qoşulmağa nail olub və ümumi komandanlığın adından erməni hərbi birləşmələrinə geri çəkilmək əmri verib. Beləcə, düşmənin dilində onları pusquya salıb. Çünki o, rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. Təsadüfi deyil ki, o və silahdaşları ən ağır nöqtələrdə, vacib strateji əhəmiyyətli ərazilərin alınmasında iştirak edib. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə nəzarət edən yüksəkliyin ələ keçirilməsində şücaət göstərib.

Füzuli uğrunda gedən ölüm-dirim savaşında yaralansa da, atəş altında qalan döyüş yoldaşını, dostu – Vətən müharibəsi şəhidi Kamil Şirinovu çıxararaq “Biz hələ qələbəni birlikdə bayram edəcəyik, ölməyə tələsmə” deyib. Xarakterinə xas nikbinliyini, əzmini, həyatsevərliyini ən ümidsiz məqamlarda da itirməyib.

Hər həmlədə, hər atışmada hər biri bir bölüyə, bir hərbi birləşməyə bərabər təcrübə və gücə malik silahdaşlarını itirdikcə düşmənə olan qəzəb və nifrəti bir az da artıb və intiqam hissi ilə son nəfəsinədək döyüşüb.


Şəhadət


Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfərlik qrupunun da iştirakı ilə ağır əməliyyat başlayır. Oktyabrın 19-da Qubadlı rayonu istiqamətində strateji əhəmiyyətə malik mövqelər uğrunda döyüş tapşırığı verilir və qeyri-bərabər mücadilədə yüzlərlə erməni hərbçisi, texnikası ilə üz-üzə dayanan Camal və silahdaşları əsl igidlik nümayiş etdirirlər. Son döyüşündə – Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında 16 nəfərlik dəstəsi ilə birlikdə son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə yüksəlir.

Oktyabrın 21-də, anasının doğum günündə doğma Neftçala şəhərində dəfn olunur.

Ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.


Ölümsüzlük


İndi yer kövrək xatirələrin, həsrətli şərqilərindir. Onları heç vaxt tərk etməyəcək doğma, bənzərsiz xatirələrin. Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova onu xatırlayarkən, sadəcə, köks ötürdü, göz yaşlarını içinə axıdıb, hıçqırıqlarını köksündə boğdu. Axı Camal ondan məhz belə etməsini istəmişdi: “Son gedişində mənə tapşırdı ki, “Bu qapıdan necə çıxmışamsa, uşaqların xatirəsində elə qalmağımı istəyirəm. Ona görə mənə nəsə olsa, uşaqları hüzr yerinə buraxma. Mənə də söz ver ki, ağlamayacaqsan. İstəyirsən indi, yanımda ağla, mən öləndən sonra yox. Heç kimin yanında gözyaşı tökmə. Qızlarıma da mənim şəhidliyimi ağlaşma kimi göstərmə” dedi. Son gedişində sübh saat 5-in yarısı idi. Qızlarımız Əsmət və Əsnadı çoxlu öpdü, yatdıqları yerdəcə saçlarını oxşadı, qoxladı. Bir az kənarda dayanıb hər ikisinə tamaşa elədi, sonra yenə də öpdü. Sanki son görüş olduğunu bilirdi.

Camal uşaqlarına ata yox, dost idi. Onlarla nəfəs alır və sanki özü də qayğısız uşağa çevrilirdi. Uşaqlarına bütün asudə vaxtını həsr edir və mütləq nə isə öyrətməyə çalışırdı. Elə bil tələsirdi və onlara illər sonra gərək olacaq bilgiləri də verirdi. O, bizim xəzinəmiz idi və o xəzinəni itirdik. Düşünürəm ki, Camal bu dünyaya çox idi və Allah onu öz uca məqamına apardı”.

Fatimə xanım deyir ki, onunla son görüşümüz – sentyabrın 22-si bizim üçün əbədi xatirə, yaddaş yarasıdır: “Camal uşaqları gec yatırmağımı istədi, onlarla xeyli danışdı, oynadı, əyləndi. Döyüş çantasını yığdı və hər qoyduğu əşyanın izahını verdi. Xarici səfərlərinin birindən gətirdiyi bir fosforlu qələmi çantasına qoyarkən Əsmət “Ata, olar o qələmini mənə verəsən” dedi. Camal etiraz elədi, bu qələmin ona döyüşlərdə lazım olacağını bildirdi. Sonra ani susdu və “Qızım, qayıtsam, bu qələmi sənə gətirəcəm” dedi. O söz heç vaxt qulağımdan getməyəcək. Zaman keçdi, döyüşlər başladı, o, şəhid oldu, müharibə bitdi və sonralar döyüş yoldaşları onun qalan əşyalarının yığıldığı çantasını bizə gətirdilər. Təsəvvür edirsiz, çantadan həmin qələm çıxdı. Camal onu istifadə etməmişdi. Əsmətin ürəyindən nələr keçdi, bir Allah bilir”.

Camal İsmayılov ailəsinin yanında olduğu son gecə hətta qızlarının saçını hörüb: “Əsnad o axşam “Ana, artıq atam da saçımızı hörə bilir” deyib sevindi. Camal qızların uzunsaçlı olmasını istəyirdi və daim onların başını dizləri üstünə alıb saçlarını tumarlayırdı. Atası şəhid olandan sonra Əsnad yana-yana “Ana, axı ata indi saçlarımı hörməyi öyrənirdi. Bir dəfə hördü, heç olmasa, iki dəfə hörərdi, mən rahat olardım” dedi. Həyat yoldaşı kimi də diqqətli, nəzakətli, sevgi dolu. Sevgisini, diqqətini daim göstərir və bunu uşaqlarına da təbliğ edirdi. İndi uşaqları onun qoyub getdiyi sevgini mənə ötürə bilirlər. Dünyaya yüz dəfə gəlsəydim və şəhid olacağını bilsəydim, yenə Camalı seçər, onunla yollarımı birləşdirərdim. Biz qısa ailəliyimizi hörmətlə, sevgi ilə, xoş xatirələrlə doldurmuşuq və bunun səbəbkarı Camal idi. O, indi hamı üçün qəhrəmandırsa, mənim üçün elə sağlığında cəngavər, nümunə olmuşdu. Camal tarixi filmləri çox sevirdi və hələ doğulmayan oğlumuza da o filmlərdən ad seçmişdi. “Mən hiss edirəm ki, o, mənə bənzəyəcək, qorxmaz olacaq, ona görə də ona Alparslan adını verəcəm, qoy o da cəngavər, qorxmaz, vətənsevər olsun” deyirdi. İndi oğlumuz, Alparslanımız var və mən ona hər gün “Oğlum, ata səni doğulmadan, görmədən də çox sevirdi” deyə pıçıldayıram...”.

Həmidə NİZAMİQIZI