Kinoda çəkilmək iddiası olmayan idmançını bu qədər sevimli edən nə idi?
Siyavuş Şəfiyev (1937–2001). Bu ad çəkiləndə göz önündə intellektual, mədəni, alicənab insanın siması canlanır. Kino rollarının bizə doğmamız qədər sevdirdiyi qəhrəmanımız çoxlarının əldə edə bilmədiyi məşhurluğu ilk kino obrazından qazanıb tanınmışdı. Bəs, görəsən, kinoda çəkilmək kimi iddiası olmayan idmançını bu qədər sevimli və unudulmaz edən nə idi? Sualın cavabını onun kino obrazlarında, həmkarlarının xatirələrində biləcəyik...
Şəxsiyyət tamlığı, xarakter bütövlüyü bir çox hallarda rolun mənimsənilməsinə, dolğun, koloritli alınmasına kömək edir. Respublikanın Əməkdar artisti Siyavuş Şəfiyevin kinoda ilk rolu olan Əhməd obrazının (“Əhməd haradadır?”, 1963) müsbət cəhətlərinin qabarıq təcəssümünə, geniş tamaşaçı auditoriyası tərəfindən sevilməsinə də aktyorun fərdi üstünlükləri, müsbət cəhətləri səbəb olub.
O, kinoda görkəmli sənətkar Adil İsgəndərovun kəşfidir. Sözügedən filmin rejissoru, SSRİ Xalq artisit Adil İsgəndərov həmin illərdə Siyavuş Şəfiyevi sirk ustası kimi tanıyır, onun “Koroğlu” filminin sınaq çəkilişlərində bəyənildiyini, ancaq qastrol səfərlərinə görə filmdə çəkilmədiyini bilirdi. Sənətsevər gəncin Bakı Teatr Məktəbinə qəbul olması onun Adil müəllimin sənət bilgisindən bəhrələnməsinə zəmin yaradır. Məktəbdə yüksək intellekti, yaraşıqlı xarici görünüşü ilə diqqətçəkən gəncə sənət dərsi deyən Adil İsgəndərov ona “film çəksəm, səni mütləq çəkəcəyəm” deyə fikrini bildirir. “Əhməd haradadır?” filminin çəkilişlərinə başlayanda isə tərəddüdsüz olaraq onu baş rola dəvət edir. Beləcə, sənət müəlliminin düzgün təlimatı nəticəsində Azərbaycan kinosunun məşhur imzaları sırasına Siyavuş Şəfiyevin adı əlavə olunur. Bu filmdən sonra 7 ekran əsərində (“Uşaqlığın son gecəsi” – Rüstəm, “O qızı tapın” – Firudin Kazımlı, “Ən vacib müsahibə” – Altay və s.) irili-xırdalı rolda çəkilir, müxtəlif xarakterli ekran personajlarını özünəməxsus ştrix və üslubda uğurla canlandırır.
Onu tanıyır, sevirdilər...
Siyavuş Şəfiyevi dövrünün ictimaiyyətinə tanıdan əsasən sevdiyi idmançı peşəsi olsa da, gənc nəsillərə tanıdan kino obrazlarıdır. Əhməd surətinin təfsirində hər bir kənddə, şəhərdə, ətrafımızda belə görmək istədiyimiz gənc obrazı, əslində, onun fərdi xarakterinin təzahürü idi. Sözügedən filmdə aktyorla tərəf-müqabil olan Əməkdar artist Elxan Qasımovun sənət dostu haqqındakı düşüncələri fikirlərimizi qətiləşdirir: “Siyavuşu səbirli, mədəni, gülərüz, ağırtəbiətli bir insan kimi xatırlayıram. Təmkininə həsəd aparmaq olardı. Qulaq asmağı bacarırdı. Çox gözəl ailə tərbiyəsi görmüşdü. İdmanla məşğul olurdu. İntelekti yüksək idi. Ən gözəl cəhətlərindən biri də bu idi ki, həyata, insanlara səmimiyyətlə baxırdı. Filmə baxanda da bunu görmək mümkündür. Hətta ümumi planlarda belə onun gözlərindəki parıltı görünür.
Gözlər ürəyin aynasıdır. Həyat yoldaşına olan mehriban münasibəti yaxşı yadımdadır. Bir-birlərinə xoş davranır, sanki gənclərə bilərəkdən örnək olurdular.
“Əhməd haradadır?” filminə çəkiləndə onun 26, mənimsə 18 yaşım vardı. Baxmayaraq ki, yaş fərqimiz çox idi, ünsiyyətimiz gözəl idi. Çəkiliş zamanı Adil müəllim hamımızla səbirlə, hörmətlə davranırdı. Filmdə iştrak edən peşəkar sənətkarlara – Məmmədrza Şeyxzamanova, Nəcibə Məlikovaya, Mustafa Mərdanova necə münasibət göstərirdisə, bizə də elə yanaşırdı. Bizə nəyisə öyrətmirdi. Rolu elə üslubda başa salırdı ki, bizə aydın olurdu. Nəyi necə deyirdisə, fikrini tam tuturduq, nəticə də uğurlu alınırdı. Siyavuşun rolu qavramasından, çatdırmasından razı idi, təqdimatını çox bəyənirdi”.
Kinokomediyaya uğur qazandıran aktyor seçimi filmdə rol alan bir çox aktyorların yaradıcılıq taleyində dönüş xətti oldu. Bu filmdən sonra “Uşaqlığın son gecəsi”ndə Rüstəm obrazı da Siyavuş Şəfiyevin yaradıcılıq taleyində xüsusi yer tutdu. Xalq artisti Ənvər Həsənovun yaxın keçmişi əhatə edən xatirələri Rüstəm obrazının uğurunu aydınladır: “Arif Babayev Siyavuş Şəfiyevi “Əhməd haradadır?” filmində görüb dəvət etmişdi. Mən özüm də onu sözügedən kinokomediyadan tanıyırdım. Arif müəllim bizi tanış edəndə rol haqqında ətraflı məlumatlandırdı və bildirdi ki, çalışın həmişə bir yerdə olun. Çünki siz qardaş kimi çox yaxın, bir yerdə böyüyən və bir-birinə əziz olan qohumsunuz. Münasibətlərin səmimi alınması üçün də doğmalaşmağınız vacibdir. Filmin hazırlıq müddətində və çəkilişlər başladıqdan sonra, demək olar ki, həmişə bir yerdə olurduq. Hətta gecə çəkilişləri üçün lazım olan bəzi səhnələrin real alınması üçün axşamlar evimizə də getmirdim. Çox vaxt dostlarla birlikdə Siyavuşgilə gedirdik. O, sirkin mehmanxanasında yerləşən ikiotaqlı mənzildə həyat yoldaşı və qızı ilə yaşayırdı. Eyvanda saatlarla söhbət edir, çay içir, nərd oynayır, gecəni yatmırdıq. Səhər film üçün lazım olan epizodu oynadığımızda, həqiqətən də, gecə növbəsində işləyən yorğun gözlü zavod işçisi obrazları inandırıcı alınırdı. Arif müəllim işinin ustası idi, bizə doğru sənət istiqaməti verirdi. Siyavuş həmin vaxtlar Bakı Dövlət Sirkində bədii rəhbər işləyirdi. İşi çox olurdu. Bununla belə, sənəti də çox sevirdi. Çox böyük daxili mədəniyyətə sahib idi və işinə böyük məsuliyyəti vardı. İnsanlar ona çox hörmət edirdilər. Biz restorana və yaxud hansısa məkana gedəndə pıçhapıç (yaxşı mənada) başlayırdı. Kino rollarına görə onu tanıyır, sevirdilər. Heyf ki, dünyasını tez dəyişdi. Allah ona rəhmət eləsin...”.
Hamıya əlindən gələn köməyi edirdi
Göründüyü kimi, aktyorun xarakter üstünlüyü, insansevərliyi bir çox hallarda tərəf-müqabilləri və dostları ilə münasibətlərin uğurlu alınmasında əsas rol oynayıb. Əməkdar mədəniyyət işçisi, kinorejissor, “Uşaqlığın son gecəsi” filmində rejissor assistenti kimi çalışan Akif Rüstəmovun aktyorla bağlı xatirələrindən: “Mən Siyavuşla “Uşaqlığın son gecəsi” və “Nəsimi” filmlərində işləmişəm. Amma onu “Şir evdən getdi“ filminin çəkilişləri zamanı daha yaxından tanıdım.
Həmin filmdə ikinci rejissor kimi çalışırdım. Yaradıcı heyət əvvəl belə qərara gəldi ki, filmə canlı heyvanları çəksinlər. Bunun üçün də rəhbərlik məni Moskvaya ezam etdi. Həmin vaxtlarda Siyavuş Şəfiyev Moskva Dövlət Sirkində baş rejissor kimi çalışırdı. O, məni çox yaxşı qarşıladı və heyvanları gətirməyimlə bağlı kömək edə biləcək insanlarla tanış etdi. Qiymətləri də imkan olan qədər aşağı saldı. Amma yenə də qiymətlər baha olduğundan, çox sayda heyvanı gətirib çəkiliş üçün bir ay müddətində Bakıda saxlamağa imkanımız olmadığından heyvan personajlarını aktyorlar ifa etdi. Moskvadan ancaq fili gətirə bildik. Onu da Siyavuşun köməkliyi ilə etdik. Aktyorlara lazım olan libasları isə Moskva Dövlət Sirkinə aid olan atelyedə tikdirdik.
Çox mərd, mədəni insan idi. İncə yumor hissi vardı. Gözləri həmişə gülürdü. Hamıya əlindən gələn köməyi edirdi. Arif müəllimlə dost idilər. Filmdə ət mağazalarının sahibi rolunda (Məcnun) çəkilmək üçün dəvət olunan Xosrov Abdullayevi Arif Babayevlə o, tanış etmişdi. Xosrov da sirkdə çalışırdı, peşəkar aktyor deyildi, ancaq rolu uğurlu oynadı.
Siyavuş çəkilişlərdə həmişə həyəcanlı olurdu. Arif müəllimə deyirdi ki, məşq edək, sonra çək. Çəkiləcək olduğu səhnəni 3-4 dəfə məşq edirdi. Deyəndə ki, sabah çəkiliş üçün saat 10-da burda olun, saat 9:30-da studiyaya gəlirdi. Filmdə öz paltarları ilə çəkilirdi, bəzilərini tikdirmişdik. Filmin operatoru Zaur Məhərrəmovla dost idi. Nənə rolunu ifa edən Törəxanım Zeynalova ilə mehriban münasibəti vardı. İnsanlarla xoş rəftarına görə onu hamı sevirdi... Ölümü bizə çox pis təsir etmişdi. Yadımdadı, cənazəsini Bakıya gətirəndə görkəmli sənətkarlar Eldar Quliyev, Əliabbas Qədirovla birlikdə mən də getmişdim. Həmin hissləri təsəvvür etmək çətindir...”.
Ətrafındakılara qarşı heç vaxt biganə davranmazdı
Sevdiyi sirk sənətində olan fəallığı, kino obrazlarını bacarıqla təqdim etməsi Siyavuş Şəfiyevi cəmiyyətə sevdirmiş, insani keyfiyyətlərinin üstünlüyü həmkarlarının gözündə onu daha da böyütmüşdü. Xalq artisti Xalidə Quliyevanın dediklərindən: “Nəsimi” filmində Fəzlullah Nəimini Teymurləngə təslim etmək üçün kəcavənin ardınca atlı dəstəsi gəlir. Onların içərisində mən də atamı axtarıram. Süvarilər peşəkar olduqlarından atları çox sürətlə sürürdülər, mən onlara qoşula bilmirdim. Həmin anda çox qorxdum və atdan yıxıldım. Sonra isə atı yaxşı çapa bilmədim və yenidən buna heç cəhd də etmədim. Həmin səhnələrdə Siyavuş da (Mahmud rolunda) vardı. Mən çəkilişdə olmadığım üçün pərt olmuşdum və avtobusda oturub ağlayırdım. Bir az sonra Siyavuş Şəfiyev də avtobusa minəndə məni pərişan görüb səbəbini soruşdu. Sonra ürək-dirək verməyə başladı: “Eybi yoxdu, fikir eləmə, onsuz da həmin səhnə kütləvi idi. Sənin orda olmadığın bilinməyəcək. Kadrda səni uzaqdan, süvarilərin içindəymiş kimi göstərəcəklər” dedi. Elə də oldu. Filmdə həmin səhnə ümumi planda verildiyindən Fatimənin atlıların içərisində olmadığı bilinmədi. Siyavuş Şəfiyev çox ürəyiyumşaq, mehriban, ünsiyyətcil insan idi. Ətrafındakılara qarşı heç vaxt biganə davranmazdı. Həmişə onu böyük hörmət hissi ilə xatırlayıram...”.
Şəhla ƏMİRLİ
kinoşünas