Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulub. “Bir kəmər, bir yol – Böyük Çin səddi” folklor və incəsənət festivalı çərçivəsində sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın yeni quruluşda premyerası (konsert versiyası) təqdim olunub.

Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Pekindəki səfirliyi, Hebey Vilayəti Xalq Hökuməti, Tiencin Şəhər Bələdiyyəsi və “ENN Group”un dəstəyi ilə hazırlanan konsert Üzeyir Hacıbəylinin doğum gününə həsr olunub.

Rəsmilərin, diplomatların, incəsənət adamlarının və yerli ictimaiyyət nümayəndələrinin tamaşa etdiyi konsertdən əvvəl çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı tarixi İpək Yolunun müxtəlif xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını, İpək Yolu üzərində yerləşən Azərbaycanın öz nadir mədəni irsi, o cümlədən musiqisi, ədəbiyyatı ilə tarixən diqqətçəkən bir diyar olduğunu bildirib.

Səfir Azərbaycan klassik musiqisinin və müsəlman Şərqində operanın banisi Üzeyir Hacıbəyli haqqında məlumat verərək deyib ki, dahi bəstəkar “Qafqazın konservatoriyası” olan Şuşada böyüyüb. Gənc yaşlarında müsəlman dünyasının ilk operası “Leyli və Məcnun” əsərini bəstələyən Üzeyir Hacıbəyli dünya musiqi tarixinə adını yazdırıb.

Vurğulanıb ki, bəstəkarın doğum günü – 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur, ölkəmizdə ənənəvi olaraq Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Diqqətə çatdırılıb ki, Milli Musiqi Günü bu il ilk dəfə Qarabağda, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada da qeyd edilir.

Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Tiencin şəhərinin Mahnı və Rəqs Opera Teatrının orkestri və vokalçılarının ifasında “Arşın mal alan” operettasının konsert versiyası Çin dilində təqdim olunub. Əsərin librettosu müasir həyata uyğunlaşdırılaraq çinli tamaşaçılar üçün daha anlaşılan edilib.

Tamaşanın məsləhətçisi və koordinatoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev, baş rejissoru Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzinin bədii rəhbəri Klaudia Yanq, opera üzrə kastinq direktoru Li Saofey və Lu Şen, orkestrin dirijoru Sun Cinkay olub. Operettada əsas ariyaları beynəlxalq müsabiqələr laureatı Van Cınan (Əsgər), beynəlxalq müsabiqələr laureatı Can Yanron (Gülçöhrə) ifa ediblər. İfa zamanı improvizələr, Çin elementlərindən də istifadə olunması maraqla qarşılanıb və konsert anşlaqla keçib.

Qeyd edək ki, “Arşın mal alan” operettası Çin ictimaiyyətinə yaxşı tanışdır. Əsər ilk dəfə Çində 1959-cu il mayın 30-da Pekin Eksperimental Teatrında səhnəyə qoyulub. Diqqətçəkən məqam odur ki, “Arşın mal alan” Çində səhnəyə qoyulan ilk xarici operetta olub. Operetta həmin il ərzində Uhan Eksperimental Opera Evi və Tiencin Dövlət İncəsənət Teatrı da daxil olmaqla üç truppa tərəfindən Çinin müxtəlif şəhərlərində təqdim olunub. Sonrakı illərdə də əsər bir neçə dəfə nümayiş olunub. Sonuncu dəfə 2010-cu ildə Pekində Çin Milli Operası truppasının iştirakı ilə səhnələşdirilib.