Sentyabrın 22-də Vyanada “Sargfabrik” mədəniyyət evində Əməkdar artistlər – tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov Azərbaycan muğamlarından ibarət instrumental konsert proqramı təqdim ediblər.

Əvvəlcə “Sargfabrik” mədəniyyət evinin təmsilçisi Lukas Handle çıxış edərək Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinə və “Kulteurasia” təşkilatına bu konsert proqramının ərsəyə gəlməsində əməkdaşlığa görə təşəkkür edib.

“Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt konsertə gələnlərə Azərbaycan haqqında ümumi məlumat verib, Azərbaycan muğam sənəti və milli çalğı alətlərindən bəhs edib. Bildirilib ki, 2017-ci ildə Səmərqənddə nüfuzlu “Şərq təranələri” festivalında Qran-pri mükafatına layiq görülən S.Paşazadə və K.Kərimov birgə proqramla mütəmadi olaraq xarici ölkələrə qastrol səfərlərinə çıxır, festivallara qatılırlar. Almaniyada bu qəbildən olan festivallardan birində onların ifasını bəyənən D.Libervirt ifaçıları Vyanaya dəvət edib. Bu, onların Avstriyada ilk solo konsertidir.

Konsertin ilk hissəsində S.Paşazadə və K.Kərimov “Mahur-hindi” muğamını dəsgah şəklində və “Bayatı-Şiraz” muğamı və kompozisiyasını ifa ediblər. Konsertin ikinci hissəsində Azərbaycan muğamları içərisində özünəməxsus yerə malik “Segah” muğamı səsləndirilib. Muğam kompozisiyasının tərkibində “Şuşanın dağları” mahnısı ifa olunub. Sonra “Şərq təranələri” festivalında Azərbaycan musiqiçilərinə Qran-pri qazandıran və onlara dünya şöhrəti gətirən “Şur” kompozisiyası təqdim olunub. Alqışlarla keçən konsertə “Qarabağ” mahnısı və “Qarabağ şikəstəsi” ilə yekun vurulub.