Beynəlxalq Muğam Mərkəzində sentyabrın 23-də “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq bəstəkarlıq müsabiqəsi qaliblərinin təltif olunması mərasimi və yekun konserti keçirildi.
Bu ilin yanvarında elan olunan müsabiqə Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika–Azərbaycan Musiqi Fondunun iştirakı, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə reallaşıb.
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşən gecədə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Əvvəlcə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Əməkdar artist, professor Nərgiz Əliyarova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən söz açdılar. Bildirildi ki, dahi bəstəkarın irsinin geniş təbliğ olunması məqsədilə keçirilən müsabiqəyə 26 ölkədən 50 bəstəkar qatılıb.
Çıxışçılar “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsində qalib gələn bəstəkarları təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzuladılar.
Sonra müsabiqə qaliblərinin adları açıqlandı.
Bildirildi ki, müsabiqədə I yeri Kolumbiya bəstəkarı Marius Diaz (mükafatı Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas qəbul etdi), II yeri azərbaycanlı bəstəkar Türkan Qasımzadə, III yeri Böyük Britaniya bəstəkarı Matyu Parritt qazanıb.
Üzeyir Hacıbəyli adına xüsusi diploma avstriyalı bəstəkar Ariya İsmaili layiq görüldü. Müsabiqənin xüsusi diplomlarına Orkun Tekelioğlu (Türkiyə, mükafatı qardaş ölkənin Bakıdakı səfirinin birinci müavini Barış Sayqın qəbul etdi), Parisa Sabet (Kanada), ölkəmizdən Tahir İbişov, Galymzhan Sekeyev (Qazaxıstan) və İsraildən Bracha Bdil layiq görüldülər. “Ən gənc bəstəkar” mükafatı isə ölkəmizdən Zərrin Şükürə verildi.
Sonra Azərbaycan Dövlət Simli Kvarteti (Ceyla Seyidova – violin, Soltan Məmmədova – violin, Vaxtanq İmanov – viola, Aleksey Miltıx – cello), Azərbaycan Dövlət Fortepiano Triosu (Töhfə Babayeva – violin, Səbinə İbrahimova – cello, Elnarə Kəbirlinskaya – piano) və “codeNZa” ansamblının (bədii rəhbər və dirijor – Samir Əsədov, Gülnaz İsmayılova – vokal, Zərrin Şükür – piano və Nərgiz Əliyarova – piano) ifasında Üzeyir Hacıbəylinin və müsabiqə qaliblərinin əsərləri səsləndirildi.
NURƏDDİN