“Azərbaycan musiqisindən və Bakının gözəlliyindən zövq aldım”
Sentyabrın 22-də Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında polşalı musiqiçilərin iştirakı ilə simfonik konsert təqdim olundu.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə səhnədə Polşadan tanınmış musiqiçilər – dirijor Pavel Kotla və İvona Sobotka (soprano) çıxış edirdi.
Konsert Qara Qarayevin məşhur “İldırımlı yollarla” baletindən süita ilə başladı. Orkestrin gözəl ifası və dirijorun özünəməxsus dəst-xətti tamaşaçılar tərəfindən maraqla qarşılandı və gurultulu alqışlarla mükafatlandırıldı.
Daha sonra dirijorun müşayiəti ilə Karl Şimanovskinin soprano ilə orkestr üçün “Şahzadənin mahnıları” silsiləsi ifa olundu. Konsert proqramı L.Bethovenin 7-ci simfoniyası ilə tamamlandı.
Konsertdən əvvəl suallarımızı cavablandıran İvona Sobotka bildirdi ki, tanınmış Polşa bəstəkarı Karl Şimanovskinin (1882-1937) “Şahzadənin mahnıları” silsiləsi Bakıda ilk dəfə ifa olunur. Eyni zamanda ifaçı dünyada pandemiya elan edildikdən sonra ilk konserti olduğunu da qeyd etdi. Bu səbəbdən də festivalda ilk çıxışı və fasilədən sonra səhnəyə qayıdışında hədsiz həyəcanlı olduğunu gizlətmədi. Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən sənətçi festivalın təşkili, Azərbaycan musiqisinin möhtəşəmliyi və paytaxt Bakının gözəlliyindən zövq aldığını, festivaldan vətəninə böyük təəssüratlarla qayıdacağını vurğuladı.
Qeyd edək ki, dirijor Pavel Kotla 2008-ci ildən Avropa Birliyinin Polşa ofisinin rəsmi orkestrinin (I, Cultural Orchestra) yaradıcısıdır.
İvona Sobotka isə Kraliça Yelizaveta Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısıdır. O, 2007-ci ildən etibarən dünyanın bir çox ölkələrində opera tamaşalarında baş rollarda çıxış edir.
L.AZƏRİ