Üzeyir Hacıbəyli və Müslüm Maqomayevə həsr olunmuş elmi konfrans

 

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) sentyabrın 22-də Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi konfrans keçirildi. Elmi konfrans iki böyük bəstəkar, sirdaş və sənət yoldaşı Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuşdu.

Ü.Hacıbəyli adına konsert salonunda keçirilən tədbiri giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə açaraq bildirdi ki, ölkəmizdə artıq 13-cü dəfədir Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir: “Həmişə olduğu kimi, bu il də festivalın zəngin proqramı var. Festival çərçivəsində bir sıra tədbir və konsert proqramları təşkil olunub. Bu gün təşkil etdiyimiz elmi konfrans da bu festival çərçivəsində reallaşan tədbirlərdəndir”.

Firəngiz Əlizadə diqqətə çatdırdı ki, bu il bütün qüvvəsini səfərbər edən bəstəkarlarımız Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına, “Nizami Gəncəvi İli”nə, habelə Zəfər Günümüzə töhfə olaraq yeni əsərlər üzərində işləyiblər. “Zəfər Günü ilə əlaqədar 18 əsər hazırlanıb. Yaxın günlərdə həmin əsərlər Azərbaycan Dövlət Akademik Filarmoniyasında səsləndiriləcək. Azərbaycan bəstəkarları həmişəki kimi yazıb-yaradırlar. Mən musiqiçilərimizi də bu mövzuda aktiv olmağa çağırıram”, – deyə ittifaqın sədri bildirdi.

Çıxışdan sonra musiqişünasların dahi Üzeyir Hacıbəyli (1885-1948) və onun məsləkdaşı Müslüm Maqomayevin (1885–1937) yaradıcılığına dair məruzələri dinlənildi.

Sənətşünaslıq elmləri doktoru, professorlar – ABİ-nin məsul katibi Cəmilə Həsənova “Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu”, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva “Məmmədsadıq Əfəndiyevin Üzeyir Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi tədqiqat məqaləsinə dair fikirlər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova “Üzeyir Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova “Müslüm Maqomayevin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində”, Bakı Musiqi Kollecinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasova “Üzeyir Hacıbəyli ənənələri Əşrəf Abbasovun yaradıcılığında və rəhbərlik fəaliyyətində” mövzularında məruzələrlə çıxış etdilər.

Məruzələrdən sonra Əməkdar artist Fərid Əliyev və Nigar Cəlilovanın ifalarında Lalə Cəfərovanın “Səbir et” və Azər Dadaşovun “Sevgi qanaddır” qəzəl-romansları səsləndi. İfalar alqışlarla qarşılandı.

Savalan FƏRƏCOV