Musiqi bayramının yekun akkordlarını “cadeNZa” orkestri vurdu

 

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının son konserti sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində keçirildi. Yeddi gün davam edən musiqi bayramının yekun akkordlarını “cadeNZa” orkestri vurdu.

“Üzeyir sənətinin gənclik sədaları” silsiləsindən təqdim olunan musiqi axşamında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər iştirak edirdi.

Konsertdən öncə qəzetimizə orkestr haqqında məlumat verən bədii rəhbər Samir Əsədov qeyd etdi ki, “cadeNZa” ansambl kimi 2016-cı ildə yaradılıb. Həmin dövrdən etibarən bir sıra yerli və beynəlxalq festivallarda çıxış edib. Kollektiv bu ildən orkestr şəklində fəaliyyət göstərməyə başlayıb və bu formatda ilk dəfə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalına qatılıb.

Proqramda ilk olaraq dahi Üzeyir Hacıbəylinin “Cəngi” əsəri səsləndirildi. Sonra Afaq Qarayevanın (klavesin) ifasında İ.S.Baxın “Brandenburq 3 nömrəli konsert”i təqdim olundu. Orkestrin ifasında səslənən Edvard Qriqin “Holberq süitası”, Qara Qarayevin “Simli kvartet nömrə 2” və Benjamin Brittenin “Sadə simfoniya” əsərləri musiqisevərlərə xoş anlar yaşatdı.

Musiqili axşama Fikrət Əmirovun “Üzeyir Hacıbəyliyə ithaf” əsəri ilə yekun vuruldu. Orkestrin coşqulu ifası tamaşaçıların gur alqışları ilə mükafatlandırıldı.

NURƏDDİN