Akademik Zemfira Səfərovanın yeni nəşr olunmuş kitablarının təqdimatı
Sentyabrın 24-də Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) daha bir tədbir – görkəmli musiqişünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın yeni nəşr olunmuş “Şuşa Azərbaycanın musiqi qalasıdır” (Azərbaycan və rus dillərində) kitabı, “Türk dünyasının musiqi ulduzu – Üzeyir Hacıbəyli” (türk dilində) monoqrafiyasının təkrar nəşri və onun rəhbərlik etdiyi işçi qrup tərəfindən hazırlanan “Azərbaycanın musiqi tarixi” çoxcildliyinin V cildinin təqdimatı keçirildi.
Mədəniyyət Nazirliyi, AMEA və ABİ-nin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbiri ittifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq bildirdi ki, zəngin proqramı olan Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalında da çox maraqlı əsərlər səsləndirildi. Şübhəsiz ki, tarixi Qələbədən sonra keçirilən bu festival yeni-yeni əsərlərin yaranmasına təkan verəcək.
Firəngiz Əlizadə Zemfira Səfərovanın yeni nəşr olunan əsərlərini musiqi irsimiz üçün çox dəyərli sərvət kimi səciyyələndirdi. Qeyd etdi ki, kitablarda musiqi mədəniyyətimiz barədə dolğun məlumatlar yer alıb: “Mədəniyyət beşiyi Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyinə həsr edilən “Şuşa Azərbaycanın musiqi qalasıdır” kitabını müəllif tək musiqişünas kimi deyil, həm də yazar olaraq qələmə alıb.
Alimin 2016-cı ildə Türkiyədə çap olunan “Türk dünyasının musiqi ulduzu – Üzeyir Hacıbəyli” kitabı böyük maraq doğurub. Ona görə də ikinci dəfə nəşr etmək qərarına gəldik”.
ABİ-nin sədri çıxışının sonunda Zemfira Səfərovanın ittifaqın “Üzeyir Hacıbəyli medalı”na layiq görüldüyünü dedi və medalı alimə təqdim etdi.
Bu mükafatın onun üçün gözlənilməz olduğunu deyən akademik qeyd etdi ki, Üzeyir Hacıbəyli ilə bağlı mükafatlar ona çox əzizdir.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli çıxışında bildirdi ki, Zemfira Səfərovanın seçdiyi mövzular həm də Qarabağın tarixini özündə əks etdirir: “O, 60 ildən çoxdur ki, elmi tədqiqatla məşğul olur. Demək olar ki, həyatını Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayıb. Deyərdim ki, o, Azərbaycanda musiqi mənbəşünaslıq elminin əsasını qoyub. O həm də tarixçilik və salnaməçilik istiqaməti üzrə məhsuldar işlər görüb. Zemfira Səfərovanın musiqi tarixinə həsr etdiyi bu kitabları yüksək qiymətləndiririk”.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə musiqişünas alimin rəhbərliyi və gərgin əməyi sayəsində başa gələn kitabların əhəmiyyətindən danışdı. Bildirdi ki, “Azərbaycanın musiqi tarixi” çoxcildliyinin V cildi respublikamızın müstəqillik dövrünün musiqisinə, bu dövrdə yaşayan bəstəkarların həyat və yaradıcılığına həsr edilib.
Çıxışlardan sonra məruzələr dinlənildi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tariyel Məmmədov “Azərbaycan musiqi tarixi və müasirlik”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülkər Talıbzadə “Hacıbəyli dühası akademik Zemfira Səfərovanın yaradıcılığında”, Bakı Musiqi Kollecinin və Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasova “Şuşa Azərbaycanın musiqi qalasıdır” mövzusunda məruzə etdilər.
Akademik Zemfira Səfərova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirdi.
Sonda musiqi proqramı təqdim edildi. Qədim musiqi alətləri ansamblının (bədii rəhbər - Xalq artisti Munis Şərifov) müşayiəti ilə Xalq artisti Gülnaz İsmayılova (soprano) və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli (piano) Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyası, “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası və “Sənsiz” romansını, Vaqif Mustafazadənin “Mart” əsərini ifa etdilər. Çıxışlar alqışlarla qarşılandı.
Savalan FƏRƏCOV