Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi Bosniya və Herseqovinanın Palam şəhərində keçirilən 15-ci Jahorina Beynəlxalq Sənədli və Qısametrajlı Film Festivalında mükafata layiq görülüb.
“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, ekran əsəri festivalın “Ən yaxşı sənədli film” nominasiyasında “Golden Maple” (“Qızıl ağcaqayın”) mükafatını qazanıb. Bu proqramda müxtəlif ölkələrdən 30 film yarışıb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədov, operatoru Polşadan dəvət olunmuş Mateuş Çuxnovskidir.
Film Xəzərdəki Kürdili adasının (Bakıdan 150 km cənubda, Neftçala şəhərindən 33 km məsafədə) sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır…
Qeyd edək ki, “Sonuncu” filmi bu ilin iyununda Rotterdam Beynəlxalq Film Festivalında (Niderland) nümayiş olunub. Hazırda MDB ölkələrinin kinematoqrafçıları arasında 6-cı “Eurasia.Doc” festivalının əsas beynəlxalq müsabiqə proqramında iştirak edir.
Ekran əsəri oktyabrın 1-dən 10-dək Meksikada keçiriləcək “BlackCanvas” Beynəlxalq Müasir Film Festivalında və oktyabrın 19-dan 24-dək Polşanın Poznan şəhərində 25-ci Beynəlxalq Sənədli Film Festivalında da nümayiş olunacaq.