Xalqımıza şanlı Qələbə, əbədi qürur yaşadan Vətən müharibəmizin bir ili tamam oldu. Əsir torpaqlarımız uğrunda minlərlə hərbçimiz canını fəda elədi, qazi ünvanı aldı. Ərazi bütövlüyümüz yolunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də İsmayıl Elçin oğlu Qədirlidir.
İsmayıl 1998-ci il sentyabrın 16-da Biləsuvar rayonunda anadan olub. İlk təhsilini Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə alıb. Məktəb vaxtlarından idmana marağı olan İsmayıl taekvondo ilə məşğul olmağa başlasa da, ayağında yaranan problemlərə görə bu idman növünü davam etdirə bilmir. Kiçik yaşlarından zəhmətə alışan İsmayıl asudə vaxtlarını dəyərli keçirir, nələrsə ixtira etməyə çalışırdı.
2017-ci ildə hərbi xidmətə yollanan İsmayıl burada məsuliyyət və bacarığı ilə özünə hörmət qazanır. Hərbi xidməti başa vurduqdan sonra Ədliyyə Nazirliyi sistemində işləməyə başlayır.
27 sentyabr 2020-ci il... 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızın azad olunması zamanı gəlib çatır. İsmayıl evdən xəbərsiz adını könüllülər siyahısına yazdırmaq üçün rayona gəlir. Hər dəfə ailəsi ilə əlaqə saxlayanda ilk sualı bu olur: “Mənə görə gələn olmayıb?”. Hər dəfə də “yox” sözünü eşidəndə təəccüblə deyirdi ki, necə olur hamını aparırlar məni hələ çağırmayıblar. Oktyabrın 9-da ön cəbhəyə yollanan İsmayıl Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi və Cəbrayılın yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə iştirak edir. Oktyabrın 28-də Xocavəndin Zoğalbulaq yüksəkliyi uğrunda ağır döyüşdə şəhadətə yüksəlir.
Şəhidin anası Tamella Hüseynova qeyd edir ki, İsmayıl işdə olarkən onunla əlaqə saxlayıb: “Onun kefsiz danışdığını hiss edəndə nə olduğunu soruşdum. İsmayıl ilk olaraq hər şeyin yaxşı olduğunu söylədi. Amma mən inanmadım. Ana ürəyi hər şeyi hiss edər deyiblər. Yenidən nəyin baş verdiyini öyrənməyə çalışdım. İsmayıl dostunun şəhid olduğunu dedi. Çox sarsılmışdı. Daha sonra “Biləsuvarda görüşərik” deyib sağollaşdı”.
Tamella xanım söyləyir ki, oktyabrın 8-də İsmayıl mənə zəng vurub dedi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsindən çağırıblar. Axşama kimi orada olmalıyam: “Axşam saat 8 idi. Evin həyətində qohumlarla birlikdə onu gözləyirdik. İsmayıl iş yoldaşları ilə gəldi. Sanki toyuna hazırlaşırdı, uçmağa qanadı yox idi... Yemək süfrəsinə oturub tez-tələsik qalxdı. Hər dəqiqə telefona baxırdı ki, birdən hərbi komissarlıqdan zəng gələr. Oktyabrın 9-da cəbhəyə yola düşdü.
İsmayıl qorxmaz, vətənpərvər oğlan idi. Onun kimi bir övlad böyütdüyüm üçün fəxr edirəm. Şükürlər olsun ki, döyüş yoldaşları oğlumun və bütün şəhidlərimizin qisasını aldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
İsmayıl Qədirli oktyabrın 28-də Biləsuvar qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
NURƏDDİN