Vətən müharibəsində Zəfərdən cəmi 10 ay sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə 18 sentyabr – Milli Musiqi Günü keçirildi. Musiqimizin beşiyi olan Şuşamızda, bu əfsanəvi şəhərdə illər sonra Üzeyir bəyin doğum günü qeyd edildi.

Bu əlamətdar günün Şuşada keçirilməsi Prezidentimizin, Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun rəşadətinin, əzminin, şəhidlərimizin şücaətinin nəticəsidir. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə, Ordumuza, qazilərimizə və Vətən uğrunda canından keçən şəhidlərimizə əbədi borcluyuq.

Belə bir xoş günü Şuşada keçirmək mənə də qismət oldu. Bu mənim üçün ikiqat bayram idi. Ömrümdə ilk dəfə idi ki, Şuşada olacaqdım. Bəlkə də bu, bir yuxu idi. Lakin reallaşan bir yuxu. Şuşaya gedəcəyimə, oranı görəcəyimə görə keçirdiyim hisslər məni həyacanlandırır, riqqətə gətirirdi. Şuşa haqqında təsəvvürümün əsasını oxuduğum kitablar, Şuşaya səfər edənlərin xatirələrdən ibarət söhbətləri, tamaşa etdiyim sənədli filmlər təşkil edirdi. Xəyalımda 30 il əvvəlki Şuşa canlanmışdı.

Səfərimiz sentyabrın 17-də başladı. Bakıdan Şuşaya yola düşdük. Azad edilmiş torpaqlarımıza qədər yolboyu şahid olduqlarımda bir harmoniya var idi. Keçdiyimiz hər kənd və hər şəhərdə inkişaf, canlanma görürdük. Təəssüflər olsun ki, Füzulinin Əhmədbəyli kəndindən sonra qarşımızdakı mənzərə bir andaca çox dəyişdi. Dağıdılmış evlər, kəsilmiş meşələr, sökülmüş üzüm bağları, ölü ağaclar. Gördüklərimiz bizi çox təsirləndirirdi. Lakin bu dağıntıların arasında qaynayan quruculuq işləri, yeni yolun, hava limanının inşa edilməsi, həyat üçün, yaşayış üçün əhəmiyyət kəsb edən infrastrukturun yaradılması – bunları gördükdə qəlbimizdə bir rahatlıq tapdıq. Zəfər yolu bizi doğma Şuşamıza aparırdı.

Füsunkar mənzərə, həzin külək, təmiz dağ havası bizi müşayiət edir, xəyalımızda qurduğumuz şəhərə aparan yolu göstərir, bizə yoldaşlıq edirdi. Nəhayət, Şuşadayıq!!!

Şəhərə daxil olduq. Bizi əzəmətli Gəncə qapısı üstündə qırmızı hərflərlə yazılmış, alovlu şəkildə parlayan “Şuşa” qarşıladı. “Xarıbülbül” hotelinin qarşısında şəhərin simvolu olan “Xarıbülbül” maketləri isə bizi heyrətə gətirdi. Onlar gözümüzdə bir andaca canlandı, sanki gələn qonaqları bağrına basan ev sahibinə çevrildi. “Xarıbülbül” maketləri üzərində Qarabağa səyahət etmiş yerli və xarici rəssamların təəssüratları əks olunub. Çox yaradıcı, diqqətçəkən ideyadır.

18 sentyabr – Şuşada gəzinti ilə günə başladıq. Nümayəndə heyəti, eləcə də Bəstəkarlar İttifaqından Z.Qafarova, A.Əzimov, A.Dadaşov, C.Abbasov, L.Hüseynova, E.Dadaşova, R.Abbasova və mən Şuşanın bir çox yerlərində olduq. İlk olaraq Bülbülün yenidən qurulan ev-muzeyini ziyarət etdik. Bu Qələbədən sonra Şuşada fəaliyyəti bərpa olunan ilk muzeydir. Muzeydə Bülbülün şəxsi əşyalarının bəziləri, o cümlədən qavalı, onun elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən sənədlər, fotoşəkillər var.

Sonra Şuşanın mərkəzi meydanında nümayiş olunan Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın, Bülbülün büstlərinin – Şuşanın işğalının izini yaşadan “güllələnmiş heykəllər”in önünə gül dəstələri qoyduq. Yavaş-yavaş Şuşa qalasına tərəf addımladıq. Qala divarları boyunca gəzdikcə sanki hər daş Şuşanın keçmişidən bizə söhbət açırdı.

Ü.Hacıbəylinin dağıdılmış, Xan qızı Natəvanın sökülmüş, Sadıqcanın, S.Ələsgərovun tamamilə viran olunmuş evlərini də gördük. Bütün bunlar erməni vandalizminin bariz nümunəsi idi. Təəssüf, kədər hissi ilə baxıb, köks ötürürdük. Yalnız təsəllimiz inam, arzu və ümidlərimiz idi. Bilirik ki, dirçələn Şuşamızla bərabər, xatirələrimizi də dağılmış daşların altından çıxarıb reallaşdıracağıq.

Həm qonaqlar, həm də konsertə dəvət edilən şuşalılar Üzeyir bəyin heykəli qarşısına toplaşmış, konsertin başlamasını sevinclə, həvəslə gözləyirdik. Bildiyimiz kimi, 29 avqustda cənab Prezidentin iştirakı ilə Şuşada Ü.Hacıbəylinin heykəlinin açılışı olub. Digər abidələrimiz kimi, Üzeyir bəyin heykəli də Şuşanın işğalından sonra dağıdılmışdı. Heydər Əliyev Fondu tərəfindən heykəl yenidən əvvəlki yerində ucaldılıb.

Burada Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının ilk konserti başlandı. Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər – Xalq artisti Ağaverdi Paşayev) və tarda Xalq artisti E.Həşimov, kamançada Əməkdar artist E.Əhmədovun müşayiətində Xalq artisti M.İbrahimov, Əməkdar artistlər Q.Əsgərov, A.Şuşalı, N.Kərimova, A.Əliyeva və digər ifaçılar Ü.Hacıbəylinin, S.Ələsgərovun, C.Cahangirovun, H.Rzayevin, Niyazi, V.Adıgözəlovun əsərlərini ifa etdilər. Bu konsert nəinki biz musiqiçilərə, o cümlədən Şuşanın dirçəlməsində əməyi olan hər bir kəsə, xüsusən də şuşalılara hədiyyə idi.

Əsrarəngiz təbiətin qoynunda səslənən hər bir əsərdə müəllifin ruhu hiss olunurdu. Sanki musiqinin ahəngində külək ağacların arasından çıxıb, səmaya qalxır, buludlarla rəqs edirdi. Gah günəş parlayır, gah da buludlar göy üzünü tutub bizlərdə yağış həyacanı yaradırdı. Konsert “Qarabağ şikəstəsi” ilə, alqışların müşayiətində təntənəli şəkildə yekunlaşdı.

Səfər zamanı Natəvan bulağında, Yuxarı Gövhər ağa məscidi və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində də olduq. Cıdır düzündə keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Sıldırım dağların əzəməti, gözoxşayan yaşıl meşələr, səfalı Cıdır düzü. Diqqətimi çəkən digər məqam isə qaldığımız hotelin interyerini bəzəyən rəsmlər – Əməkdar incəsənət xadimi, professor E.Avalovun Şuşanın memarlıq abidələrinə həsr olunan qrafik əsərləri oldu. Rəsmlərin hər biri öz bədiiliyi və orijinallığı ilə seçilir. Bu ağ-qara cizgilər baxanları ovsunlayır, şəhərin tarixiliyi və qədimliyini əks etdirir.

Şuşaya əliboş getmək düzgün olmazdı. Bakı şəhər F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin direktoru kimi mən də çox da böyük olmayan hədiyyə ilə getmişdim əziz Şuşaya. Məktəbin Rəssamlıq şöbəsinin müəllimi Elmar Ağamirzəyevin sinfində oxuyan II sinif şagirdi Z.Qasımlının Şuşaya həsr etdiyi rəsm əsərini şəhərin Rəsm Qalereyası üçün təqdim etdim. Rəsm kiçik olsa da, doğma hisslərlə, böyük sevgi və arzuyla işlənib. Rəsmdə şəhərin səmasında pərvaz edən azad quşlar təsvir edilib. Bu, o deməkdir ki, artıq xoşbəxtlik, sevinc olacaq, Şuşada həyat qaynayacaq.

Özümlə Şuşadan nə gətirə bilərdim? Əlbəttə canlı, xoş hisslər, unudulmaz təəssürat və təzə, qızılı, qaynar çörək. Ətrindən payızın, dadından o torpaqların təravəti gələn Şuşa çörəyi.

Mədəniyyət məbədimiz olan qədim şəhər dirçəlir. Qarabağın döyünən qəlbində Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işləri ilə əlaqəli bir çox layihələrin icrasının şahidi olduq.

Arzu edirəm ki, artıq Şuşada xeyir işlər, toylar, bayramlar olsun. Yeni nəsil böyüsün, küçələrdən, evlərdən uşaqların gülüş səsləri eşidilsin. Musiqi məktəblərinin təməli qoyulsun, yeni təlim-tədris ocaqları açılsın. Azərbaycan Milli Konservatoriyasının filialı fəaliyyət göstərsin.

Qarabağ Azərbaycan tarixinə qüdrətli sərkərdələr, istedadlı alimlər, məşhur sənətkarlar, görkəmli mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar bəxş edib. Bu müqəddəs torpaqda neçə belə nəsillər yetişəcək. Artıq Şuşa, eləcə də bütün Qarabağ bölgəsi özünün yeni intibah dövrünə qədəm qoyur. Həyat davam edir...

Adilə YUSİFOVA
Əməkdar müəllim, F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin direktoru