Ölkəmiz Daşkənd Beynəlxalq Film Festivalında xüsusi proqramla təmsil olunur

 

Özbəkistanın paytaxtı Daşkənddə “İpək Yolunun incisi” Beynəlxalq Film Festivalı keçirilir. Əlli ildən çox tarixə malik Daşkənd festivalı, keçmiş sovet məkanında nüfuzlu kino müsabiqələrindən olmaqla yanaşı, ümumilikdə cənub-şərqi Asıya regionunda da tanınıb. 1968-ci ildə SSRİ Dövlət Kino Komitəsinin himayəsi ilə əsası qoyulan festival Sovet İttifaqının süqutundan sonra uzun müddət keçirilməyib. Özbəkistan Prezidentinin təşəbbüsü ilə dirçəldilən və adı yenilənən kinofestival indiyədək görünməmiş bir miqyasda təşkil olunub.

Sayca 13-cü Daşkənd Beynəlxalq Film Festivalına 40-dək ölkədən qonaqlar, kino ulduzları qatılıb. Sentyabrın 28-də Əlişir Nəvai adına Kino Evində təntənəli açılışı keçirilən və 3 oktyabradək davam edəcək festivalda Azərbaycan kinosu da təmsil olunur. Böyük kino bayramı kimi tərtib olunan festivalın proqramında ümumilikdə 150-dək filmin nümayişi nəzərdə tutulub, o cümlədən Daşkənd və digər şəhərlərdə müxtəlif ölkələrin kino günləri keçirilir. Bu sırada “Azərbaycan kinosu günləri” də var.

Sentyabrın 29-da festival çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Azərbaycan kinosu günləri”nin açılış mərasimi keçirilib.

Mərasimə Azərbaycan nümayəndə heyətinin üzvləri – Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev və digərləri qatılıb.

Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirakçıları salamlayaraq, Azərbaycan kinosunun zəngin yol keçdiyini bildirib. Azərbaycan və Özbəkistan kinematoqrafçılarının əməkdaşlığından danışan səfir vurğulayıb ki, görkəmli rejissor Tofiq Tağızadə vaxtilə “Görüş” adlı film çəkib və bu ekran əsəri Azərbaycan-özbək dostluğunun bariz nümunəsidir.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Daşkənd festivalında Azərbaycandan böyük nümayəndə heyətinin iştirakından məmnunluğunu bildirib, bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsini arzulayıb.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov bildirib ki, zaman-zaman Azərbaycan rejissorları və artistləri Özbəkistanda, özbək kinematoqrafçıları isə Azərbaycanda birgə film çəkilişlərində iştirak ediblər. Məşhur “Nəsimi” filminin bəzi kadrları Özbəkistanın Xivə şəhərində lentə alınıb.

R.Həsənov əmin olduğunu bildirib ki, kinematoqrafçılarımız bundan sonra daha da yaxından əməkdaşlıq edəcək, birgə yeni-yeni filmlər yaradacaq. Qeyd edib, “İpək Yolunun incisi” festivalı çərçivəsində Azərbaycan filmləri Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.

Sonra rejissor Orman Əliyevin 44 günlük Vətən müharibəsindən bəhs edən “Biz” sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti festivalın açılış mərasimində də içtirak edib. Mərasimdə Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Prezident Şavkat Mirziyoyevin iştirakçılara ünvanlanan təbrik məktubunu oxuyub.

Tədbirdə çıxış edən Rüfət Həsənov belə genişmiqyaslı festivalın təşkilinə və Azərbaycan nümayəndə heyətinin festivala dəvət edilməsinə görə Özbəkistana minnətdarlığını bildirib. Şöbə müdiri Daşkənd festivalının dünyanın nüfuzlu kinematoqrafçılarını bir araya topladığını məmnunluqla qeyd edib. O, Azərbaycan kinematoqrafçılarının fəaliyyəti haqqında söz açıb və festivalın işinə uğurlar arzulayıb.

Qeyd etdiyimiz kimi, “İpək Yolu incisi” adı ilə dirçələn Daşkənd kinofestivalı ölkəmiz üçün xüsusilə əlamətdardır. Festival çərçivəsində Daşkənd, Xivə və Nukus şəhərlərində “Azərbaycan filmləri həftəsi” də keçirilir. Nümayiş olunacaq ekran əsərlərinin sırasına İsmayıl Səfərəlinin “Balıqçının qızı”, Əli-Səttar Quliyevin “Olimpiya”, Kseniya Laqutinanın “Fəridə”, Orman Əliyevin “Biz”, Fariz Əhmədovun “Axırıncı”, Murad Hüseynovun “Vəhşi durnaların vaxtı”, Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmləri daxildir.

Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları – Stiven Siqal, Mitxun Çakraborti, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Nikita Mixalkov və digərləri iştirak edir.

Lalə AZƏRİ