30 oktyabr – 8 noyabr tarixlərində keçiriləcək Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə bölümündə azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” bədii filminin dünya premyerası olacaq.

Bu barədə festival təşkilatçılarının mətbuat konfransında məlumat verilib. Azərbaycan filmi festivalın əsas mükafatı olan “Tokyo Grand Prix” uğrunda müsabiqəyə qatılacaq. Bildirilib ki, festivalın müsabiqə hissəsinə daxil edilən 15 filmdən 10-nu ilk dəfə nümayiş olunacaq. Bu filmlər 113 ölkədən 1533 film arasından seçilib.

Festivalın münsiflər heyətinin sədri məşhur aktrisa İzabel Yupperdir.

Ssenari müəllifi Hilal Baydarov olan “Durna çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.

H.Baydarov kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi – “Adsız yüksəkliklər”in premyerası 2018-ci ildə Monreal kinofestivalında baş tutub. Azərbaycanlı rejissor həmin il Sarayevo kinofestivalında “Ad günü” filmi ilə iştirak edərək “Docu Talent” mükafatına layiq görülüb.

2020-ci ildə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Avropanın üç ən nüfuzlu kino müsabiqəsindən biri olan Venesiya Beynəlxalq Film Festivalında nümayiş olunub. Rejissorun “Xurmalar yetişən vaxt” filmi də bir sıra festivallarda uğur qazanıb, 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub.

Qeyd edək ki, “Durna çırağı” Tokio Beynəlxalq Film Festivalında təqdim edilən ikinci Azərbaycan filmi olacaq. Bundan əvvəl, 2014-cü ildə rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi həmin festivalın iştirakçısı olub.