Dövlət Rəqs Ansamblı İordaniyada festivalda çıxış edib

 

İordaniyanın qədim Ceraş şəhərində 35-ci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı (Jerash Festival for Culture and Arts) keçirilir. Sentyabrın 22-dən oktyabrın 2-dək davam edəcək festivalda ərəb dünyasından savayı, Yunanıstan, Meksika, Cənubi Koreya kimi ölkələrlə yanaşı Azərbaycan da təmsil olunur.

Festivalda iştirak edən Azərbaycan Dövlət Rəqs Ansamblı Ceraş şəhərinin mərkəzi meydanında rəngarəng proqram təqdim edib. Xalq artisti Rüfət Xəlilzadənin başçılıq etdiyi ansambl “Qarabağ”, “Ağ çiçək”, “Qaytağı”, “Sarı gəlin” və s. milli rəqslərimizi təqdim edib. Konsert böyük maraqla və alqışlarla qarşılanıb.

İordaniya mətbuatı azərbaycanlı incəsənət ustalarının konsertinə xüsusi diqqət ayırıb. “Orobanews” nəşrində dərc edilmiş “Azərbaycan ansamblı Ceraş səmasına işıq saçdı” sərlövhəli məqalədə qeyd olunub ki, azərbaycanlı incəsənət ustaları mahir ifaları ilə iordaniyalıları və festivalda iştirak edən ərəb ölkələrinin təmsilçilərini heyran qoyublar.

“Əl Ray” qəzetindəki məqalədə isə Azərbaycan Dövlət Rəqs Ansamblının konserti yüksək incəsənət nümunəsi və günün əsas mədəniyyət hadisəsi kimi təqdim edilib. Ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimovun nəşrə müsahibəsində qeyd olunan “Ceraş festivalı qədim sivilizasiyanın yaşadılması örnəyidir” sözlərini vurğulayan müəllif yazıb ki, azərbaycanlı diplomat iki dost ölkənin incəsənət kollektivlərinin qarşılıqlı səfərlərinin təşkil ediləcəyini deyib. Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan konsert İordaniya və Azərbaycan xalqları arasında mədəni əlaqələrə daha bir töhfə olub.

Qeyd edək ki, festivalın proqramına müxtəlif ölkələrdən 70-dən artıq müğənni və folklor qruplarının çıxışları daxildir. Bundan başqa, Yaxın Şərqin tanınmış şair və yazıçılarının əsərlərindən ibarət ədəbiyyat və poeziya axşamları da təşkil olunur.