Avstriya paytaxtındakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü və Milli Musiqi Günü münasibətilə klassik musiqi axşamı keçirilib. Konsert Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən övladlarının xatirəsinə ithaf olunub.
Konsertdən öncə AMM-in direktoru Leyla Qasımova, ölkəmizin Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və Milli Məclisin üzvü Tahir Mirkişili çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra dahi Üzeyirin vətənində, Azərbaycan musiqisinin beşiyi Şuşada yenidən Azərbaycan musiqisi səslənir, festivallar keçirilir. Azərbaycan xalqı bu il Milli Musiqi Gününü ilk dəfə tamamilə yeni şəraitdə bayram edib. Vyanada Azərbaycanın Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı da torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə ehtiramın təcəssümüdür. Vurğulanıb ki, Azərbaycanın işğaldan azad olan və bərpa edilən Qarabağ torpağı yenidən musiqi və mədəniyyət beşiyinə çevriləcək.
Konsertdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət proqram təqdim edilib. Avstriyada yaşayan və təhsil alan gənc azərbaycanlı musiqiçilər və onların həmkarları Jalə Rəsulova (fortepiano), Karen Danqer-Manafzadə (soprano), Abuzər Manafzadə (fortepiano), Fərid Feyzullayev (violin) Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Səid Rüstəmov, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev, Asəf Zeynallı və digər bəstəkarların əsərlərini ifa ediblər. Fərid Feyzullayev (violin) və Filip Henrinin (gitara) təqdimatında “Sarı gəlin“ xalq mahnısı tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.