Qazaxıstanın Türküstan şəhərində Beynəlxalq Türk Akademiyası, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Qazaxıstan Parlamentinin sədri Nurlan Niqmatullinin iştirakı ilə Yunus Əmrənin türk və qazax dillərində çap olunmuş “Seçilmiş şeirlər” kitabının təqdimatı keçirilib.

Mərasimdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, Türküstan vilayəti akimi (qubernatoru) Umirzak Şökeyev, Qazaxıstan və Türkiyədən deputatlar iştirak ediblər.

Beynəlxalq Türk Akademiyası tərəfindən “Yunus Əmrə və Türk dili İli” çərçivəsində hazırlanan kitabda mütəfəkkir şairin şeirlərinin daha əvvəl nəşr olunmamış yeni tərcümələri yer alıb.

Qeyd edək ki, bu il Yunus Əmrənin vəfatının 700-cü ildönümüdür. Bu münasibətlə Türkiyədə 2021-ci il “Yunus Əmrə və Türk dili İli” elan edilib. Yunus Əmrənin vəfatının 700 illiyi UNESCO-nun yubileylər proqramına da daxil edilib.