Tamaşaçıları bundan artıq intizarda saxlamayaq
Teatrlar açılır... Bu xəbərin sevinci ilə başqalarını da sevindirmək üçün ilyarım gözlədik. Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qaydalara riayət etmək, o cümlədən tamaşa zalının ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə, oktyabrın 1-dən etibarən teatrların tamaşaçıları qəbul etməsinə icazə verdi...
Biz də təfərrüata getmədən ölkə teatrlarında yaradıcı işin təşkili və tamaşa plan-proqramları ilə maraqlandıq.
İlk olaraq Akademik Opera və Balet Teatrına müraciət etdik. Teatrın mətbuat xidmətindən bildirdilər ki, yaradıcılıq işlərinə başlanılıb və artıq oktyabrın 9-na iki tamaşanın nümayişi nəzərdə tutulub. Bunlar N.Rimski-Korsakovun “Şəhrizad” (saat 19:00) və A.Borodinin “Qıpçaq rəqsləri” (saat 20:00) birpərdəli baletləridir. Onu da qeyd edək ki, bu, “Qıpçaq rəqsləri”nin premyera nümayişidir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı isə tamaşaların göstərilməsinə oktyabrın 15-dən sonra başlayacaq. Teatrın mətbuat xidmətindən öyrəndik ki, ilk olaraq cari repertuardakı (ötən mövsümdən qalan) tamaşaların (“Ölülər”, “Şah Qacar”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Ah, bu uzun sevda yolu”, “Almaz”, “Sinif yoldaşları”, “Bir, iki – bizimki!”) məşqlərinə başlanacaq. İntensiv məşqlərə ehtiyac var və təxminən 15-20 gün vaxt aparacaq. Oktyabrın ikinci yarısından, teatrın yaradıcı və texniki işləri qaydasına düşənədək, yəni noyabrın əvvəlinə qədər tamaşalar şənbə və bazar günləri təqdim olunacaq. Noyabr ayından etibarən isə ənənəvi repertuar və qrafik üzrə iş davam edəcək.
112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatra gəlincə, yaradıcı heyət oktyabr ayının 1-dən tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlayacaq. Bütün bu proseslərdən sonra nümayişi nəzərdə tutulan tamaşalar haqqında sənət ocağının sosial şəbəkə hesablarında ətraflı məlumat veriləcək.
Dövlət Gənc Tamaşaçılar Teatrı da işə cari repertuar tamaşalarının bərpası ilə başlayacaq. Oktyabrın 15-dən tamaşalar həftənin cümə və şənbə günləri göstəriləcək. Onu da qeyd edək ki, teatrın tamaşa salonunda, tavan hissəsindəki təmir-bərpa işləri ilə əlaqədar olaraq nümayişlər binanın kiçik səhnəsində, eləcə də bir müddət Dövlət Kukla və Mahnı teatrlarında nümayiş olunacaq.
Yuğ Dövlət Teatrında da açılış həyəcanı yaşanır. Yaradıcı heyət oktyabrın 1-dən məşqlərə start verəcək. Teatr rəhbərliyinin qərarına əsasən, repertuardakı 8 tamaşanın yenidən bərpası nəzərdə tutulub. İlk növbədə, pandemiyadan öncə hazırlanan, amma qapanma səbəbindən premyerası baş tutmayan “Kloun BizZ” tamaşasının (M.Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında, rejissor – Mikayıl Mikayılov) nümayişi planlaşdırılır. Mövsümün sonuna qədər yeni tamaşanın hazırlanması da nəzərdə tutulur.
Bu il 90-cı – yubiley mövsümünü yaşayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı isə artıq oktyabrın 1-də ilk tamaşa ilə teatrsevərlərin qarşısına çıxacaq. Bu, teatrın repertuarındakı ən uzunömürlü nümunələrdən olan “Cırtdan”dır. Tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək. İlk tamaşa Vətən müharibəsi şəhidləri və qazilərinin övladları üçün təmənnasız göstəriləcək. Oktyabrın 2-dən isə həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuar tamaşaları nümayiş olunacaq. Teatrda yubiley karnaval-tamaşası və iki yeni səhnə əsəri üzərində işə də başlanılıb.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaradıcı fəaliyyətə gəlincə, qeyd edək ki, teatrın binası bir müddətdir ki, əsaslı təmirə dayanıb.
Şuşa Dövlət Musiqili Dram Teatrında məşqlərə oktyabrın 4-dən başlanılacaq. İlk tamaşa isə pandemiya səbəbindən premyerası təxirə düşən “Dovşanın ad günü” (uşaqlar üçün) olacaq.
Bakı Uşaq və Gənclər Teatrı oktyabr ayından tamaşalarını bərpa etməyi planlaşdırır. Uşaqlar və böyüklər üçün tamaşalar paralel bərpa olunacaq. Teatr mövsümü isə 8 Noyabr – Zəfər Günündə açacaq.
Sumqayıt Dövlət Dram Teatrı da yaradıcı işə başlayır. İlk olaraq gənc yazıçı Ülviyyə Heydərovanın “Uşaqlıq” və “Pələng” monotamaşalarının səhnə həlli tamamlanacaq. Bundan başqa, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri yeni quruluşda səhnələşdiriləcək. “Göyçək Fatma” nağıl-tamaşası da bərpa edilərək balacaların ixtiyarına veriləcək.
Gəncə Dövlət Kukla Teatrı tamaşaçıları qarşısına pandemiyadan öncə hazırladıqları yeni tamaşalarla çıxacaq. “Xeyir və Şər”, “Quyruqsuz ulağın sərgüzəştləri”, “Bizim bağın gözəli” və “Bremen musiqiçiləri” adlı hər dörd tamaşa premyerasını da etmiş olacaq.
Ağdam Dövlət Dram Teatrı da “4.4 Qısa Tamaşalar Festivalı”na hazırlaşır. Kollektiv paytaxtda teatrsevərlər qarşısına pandemiyadan əvvəl səhnələşdirilmiş “Günahsızlar” tamaşası ilə çıxacaq. Bundan başqa, teatr ilin sonunadək daha iki yeni səhnə işini hazırlamağı planlaşdırır.
Mingəçevir Dövlət Dram Teatrı da pərdələrini açmağa hazırlaşır. Teatrda Mir Cəlal Paşayevin üç hekayəsinin motivləri əsasında lirik-poetik müharibə dramı üzərində iş aparılır. “Leyla” adlı tamaşanın nümayişi 18-24 oktyabr tarixində olacaq. Teatrda yarımçıq qalan səhnə işlərinin də məşqləri davam etdiriləcək.
Qusar Dövlət Ləzgi Dram Teatrı oktyabrın 1-də Abdulla Qurbaninin “Çingiz dastan”ı əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Yaradıcı heyət Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə layihəsi olan “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Festivalda Ramiz Duyğunun “Xarıbülbül” tamaşası təqdim olunacaq.
Füzuli Dövlət Dram Teatrı fəaliyyətinə repertuar tamaşası ilə başlayacaq. Akif Həsənoğlunun “Yaddaş” adlı bu səhnə nümunəsi şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Teatr rəhbərliyi oktyabr və noyabr ayları üçün repertuarda olan hərbi-vətənpərvər mövzulu tamaşaların hamısını bərpa etmək niyyətindədir.
Şəki Dövlət Dram Teatrı əsas diqqəti yeni əsərlərin tamaşaya qoyulmasına yönəldib. İlin sonuna qədər İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli hadisə” və çex yazıçısı Karel Çapekin “Ana” əsərləri tamaşaya qoyulacaq. Müharibə mövzusundakı ən məşhur əsərlərdən olan “Ana”ya teatrın baş rejissoru Mirbala Səlimli quruluş verəcək.
Qazax Dövlət Dram Teatrı da qapılarını tamaşaçılarının üzünə yeni səhnə əsəri ilə açmaq istəyir. 2021-ci ilin axırına kimi qırğız yazıçısı Mar Baycıyevin “Duel” (rejissor – Allahverdi Musayev) və ingilis yazıçısı Con Qolsuorsunun “Birincilər və sonuncular” (rejissor – Musa Eyyubov) əsərləri təhvil veriləcək. Məşqlərə isə oktyabrın 5-dən başlanacaq.
Lənkəran Dövlət Dram Teatrında iki yeni tamaşa artıq səhnə məşqi mərhələsindədir. Bunlar “Varlı ev” və “Ləpələrin nağılı” tamaşalarıdır. Yaradıcı heyət “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Lənkəran teatrı da Karel Çapekin “Ana” faciəsinə müraciət edib. Əsərə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov quruluş verəcək. Teatrın karantindən sonra öz səhnəsində tamaşası isə “Vəfalı Səriyyə” (20-30 oktyabr) olacaq.
HƏMİDƏ