Memorial.az – “Yaddaş kitabı”nın təqdimatı keçirilib
Ötən bir il ərzində biz yenilənmiş Azərbaycana daxildən və xaricdən baxışın fundamental dəyişməsinin, ölkəmizə və xalqımıza qarşı oturuşmuş stereotiplərin dağılmasının, dünyanın tamamilə yeni bir Azərbaycanı kəşf etməsinin şahidi olduq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bu, yəqin ki, BMT-nin yarandığı vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bu sözləri sentyabrın 28-də “Memorial.az saytı – “Yaddaş kitabı” layihəsinin təqdimatında deyib.
Səadət Yusifova qeyd edib ki, biz 44 günlük müharibənin və Zəfərimizin doğurduğu yeni reallığın yalnız Cənubi Qafqaza deyil, bütövlükdə regiona yaxın və ortamüddətli perspektivdə təsirini görsək də, uzunmüddətli perspektivdə onun doğurduğu nəticələrin yeni dünya nizamı üçün qlobal əhəmiyyətini bəlkə də hələlik, sona qədər dərk etmirik. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan xalqı müzəffər xalq kimi öz adını dünya tarixinə yazdı. Zəfərimizin əks-sədasını biz hələ uzun müddət duyacaq və eşidəcəyik. Bu Zəfərin əsasında Azərbaycan Prezidentinin uzunmüddətli hədəflərə hesablanmış çoxşaxəli strategiyası, ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik, informasiya istiqamətlərində güclənməsi və möhkəmlənməsi məqsədilə uzun illər ərzində böyük əzmlə gördüyü işlər və Prezident - ordu - xalq birliyi dayanır.
Vurğulanıb ki, təqdim olunan layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə həsr edilib. Hər bir azərbaycanlı üçün yaddaş kitabı yalnız Vətəni uğrunda şəhid olmuş qəhrəmanların fədakarlıqlarının xatırlanması deyil, həm də onların əmanəti olan bu Vətənin daha da güclənməsi üçün bizim üzərimizə düşən məsuliyyətin dərk edilməsidir. “Bu, ərazi bütövlüyünün, istiqlalın və Zəfərin asanlıqla əldə olunmadığının bir xatırlatmasıdır, Azərbaycan xalqının həmrəyliyinin və dövlətimizin qüdrətinin daha bir nişanəsidir. Şəhidlərimizin fədakarlığının bu mahiyyəti xalq olaraq kollektiv idrakımızda daim əks olunacaq, çünki Azərbaycanın ərazi bütövlüyü onların canları hesabına inşa edilmiş abidədir”, – deyə o vurğulayıb.
Memorial.az saytının yaradılmasının məqsədindən danışan Səadət Yusifova bildirib ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəs mövzudur. Vətən müharibəsinin gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlərimiz haqqında müxtəlif məlumatlar paylaşılır. Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır. Perspektivdə saytın funksionallığının və əhatəsinin daha da artırılması nəzərdə tutulur. Bununla bağlı 2016-cı il Aprel döyüşləri şəhidlərinin, atəşkəs dövrü şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin və ümumilikdə münaqişənin gedişində həlak olmuş hərbi qulluqçular və mülki şəxslər haqqında da məlumatların sistemləşdirilməsi nəzərdə tutulur.
Sonra memorial.az saytının baş redaktoru Vüsal Məmmədov layihə barədə məlumat verib. Bildirib ki, saytda daha geniş məlumatlar üçün şəhidlərin ailələri ilə sıx əlaqədə olacağıq. Bundan sonra onların virtual həyatlarını davam etdirəcəyik.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib ki, memorial.az – yaddaş kitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir: “Ötən il bu vaxt arxa və ön cəbhə birləşdi. Millətin düşmənə qarşı səngəri vahid oldu. Qanını torpağa verən oğulların əvəzinə Vətən və azadlıq, sevinc və bütövlük doğulub”.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov şəhidlərin ailə üzvləri və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən “Unudulmaz” mobil tətbiqi hazırlanır. İyun ayında bu tətbiqin ilkin təqdimatı olub, bu, şəhid və qazilərimizin döyüş yolu, təltifləri, cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır.