Türkiyədə teatr tamaşaçıları tərəfindən böyük maraqla izlənilən iki səhnə əsəri Balkanlarda sənətsevərlərlə görüşəcək. Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, İstanbul Dövlət Teatrının “Bir nəfəs Dədə Qorqud” tamaşası Şimali Makedoniyada, Ankara Dövlət Teatrının “Bizim Yunus” tamaşası isə Albaniyada təqdim olunacaq.

“Bir nəfəs Dədə Qorqud” Şimali Makedoniyanın Qostivar şəhərində 5-ci Beynəlxalq Otello Teatr Festivalının proqramında (5 oktyabr) yer alıb. Tamaşa “Dədə Qorqud” eposundan Dirsə xan oğlu Buğac, Dəli Domrul və Təpəgöz haqqında hekayətlər əsasında səhnələşdirilib. Festivalda Balkan ölkələrinin aparıcı teatr rejissorları, tənqidçiləri və sənətçilərindən ibarət münsiflər heyəti “ən yaxşı tamaşa”, “ən yaxşı rejissor”, “ən yaxşı aktyor” və “ən yaxşı aktrisa” nominasiyalarında qalibləri müəyyən edəcək.

Ssenarisi Sönməz Atasoy tərəfindən yazılan və Türkiyə Dövlət Teatrlarının baş bədii rəhbəri Mustafa Kurtun quruluş verdiyi “Bizim Yunus” tamaşası Albaniyada Skampa Teatr Festivalının xüsusi qonağıdır. Bu il 23-cü dəfə keçirilən festivalda Türkiyə ilə yanaşı Kosovo, Litva, Serbiya, Albaniya və Monteneqronun teatr kollektivləri də səhnəyə çıxacaq. “Bizim Yunus” 6 oktyabrda Skampa səhnəsində sənətsevərlərlə görüşəcək. Yunus Əmrə obrazını Ankara Dövlət Teatrının aktyoru Alpay Ulusoy canlandırır.

Mehparə SULTANOVA
Ankara