BMT-nin İnkişaf Proqramının layihəsi çərçivəsində aparılan sorğu maraqlı nəticələr ortaya qoyub
   
  Turizm sənayesinin müəyyən dərəcədə mövsümi xarakter daşıması, mövsümün qızğın çağında kütləvi turist tələbatının artması bu sahədə sürətli informasiya mübadiləsini zəruri edir. 
   
   Bu baxımdan BMT-nin İnkişaf Proqramının «Turizm xidmətlərindən istifadə ilə bağlı tədqiqat» layihəsi çərçivəsində aparılan araşdırma turizm şirkətləri və onların təqdim etdiyi xidmətlər haqqında məlumatların əldə edilməsi mənbələrindən bəhs edir. Respondentlərin «Siz turizm şirkətləri və onların təklif etdikləri turizm xidmətləri haqda adətən haradan məlumat əldə edirsiniz» sualına verdikləri cavablardan məlum olub ki, əhalinin əsas məlumat mənbəyi telekanallardır (46,2 faiz). Sorğunun nəticələri göstərir ki, turizmlə bağlı məlumatlar turist səfərindən qayıtmış dost-tanışların tövsiyələrindən tutmuş (10,3 faiz), internetdə yerləşdirilən məlumatlara və sərgilərdə (0,5 faiz) nümayiş olunan xidmətlərə qədər bir çox mənbələrdən əldə edilir.
   Sorğunun nəticələri belə deməyə əsas verir ki, internet istifadəçilərinin sayının getdikcə artması özünü turizm sahəsində də göstərir. Belə ki, ümumi respondentlərin 19,8 faizi turizm şirkətləri və onların təklif etdikləri xidmətlər haqqında məlumatı internetdən aldığını deyir.
   Digər tərəfdən, respondentlər ölkə daxilindəki turizm şirkətləri və turizm sahəsinin vəziyyəti barədə informasiyaların əldə edilməsində məlumat mənbəyi kimi televiziyanın mühüm rolunu qeyd ediblər (34,4 faiz). İnsanlar turizmlə əlaqəli informasiyaları TV-lərdən sonra internetdən almaq istəyirlər (26,2 faiz). Maraqlı məqam ondan ibarətdir ki, internetdən məlumat almaq istəyənlərin məşğulluq göstəricilərinin çarpaz təhlillərinə görə, «peşə sahibləri» «vəzifə və ixtisas sahiblərindən» çoxluq təşkil edir. Bu istəkdə olan dövlət sektorunun işçiləri isə digər kateqoriyalı işçilərə nisbətən azlıq təşkil edir. Amma hər bir halda nəticələr və əvvəlki araşdırmaların təhlilləri onu deməyə əsas verir ki, artıq Azərbaycanda da internetdən bir əyləncə vasitəsi kimi yox, məlumat mənbəyi kimi yararlananların sayı artır. Respondentlər hesab edir ki, tələbat olan informasiyanı bu sahələr üzrə ixtisaslaşmış digər məlumat bazalarından əldə etmək effektlidir.
   Maraqlıdır ki, araşdırmanın nəticələrinə nəzər saldıqda məlum olur ki, respondentlərin təxminən dörddə bir hissəsi «şirkətin özündən məlumat almağı» (şirkətin özündən - 18,2 faiz, telefonla məlumatlandırsınlar - 8,1 faiz) digər vasitələrdən - dost-tanışların tövsiyələri, yazılı mətbuat, bukletlər, bilbordlar, radio və hətta internetdən də inandırıcı sayır. Məhz bu məqam turizmin işinin təşkilində xüsusilə vacib məsələ kimi nəzərə alınmalıdır.
   Çarpaz təhlillər göstərir ki, internetdən məlumat almaq istəyənlərin 31,4 faizi Bakı, 19,2 faizi Gəncə, 18,5 faizi isə Sumqayıt sakinləridir. Digər tərəfdən, Gəncə sakinləri Bakı və Sumqayıta nisbətən daha çox (37,2 faiz) «şirkətin özündən məlumat almaq» istədiklərini bildirirlər. 
  

   Fəxriyyə Abdullayeva