Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qaydalara riayət etmək, o cümlədən tamaşa zalının ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə oktyabrın 1-dən teatr, kinoteatr və konsert müəssisələrinin tamaşaçıları qəbul etməsinə icazə verdi. Bununla da uzun fasilədən sonra teatrsevərlərin böyük səhnə, kinomanların isə böyük ekran həsrətinə son qoyuldu.

Kinosevərlərin ən çox üz tutduğu Nizami Kino Mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə əlaqə saxlayıb yeni şəraitdə tamaşaçıları hansı yeniliklərin gözləməsi ilə maraqlandıq.

Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova bildirdi ki, bu nümayiş məkanında artıq oktyabrın 1-dən fəaliyyət bərpa olunub: “Kinoteatrda dezinfeksiya işləri aparılıb. Əməkdaşlarımız böyük sevinclə işə qayıdıblar. Yeni filmlərimiz oktyabrın 7-dən təqdim olunacaq. Hazırda pandemiyadan əvvəl cəmi bir neçə gün nümayiş olunan və tamaşaçıların sevərək gözlədiyi filmləri nümayiş etdiririk”.

Direktor müavini tamaşaçıların COVİD pasportu təqdim edərək kinoteatra daxil ola biləcəklərini deyir. Bildirir ki, bu günlərdə kinohəvəskarları “Ağanatiq 2”, “Sevgi romanı” və “Xoxanlar” filmlərini izləyə bilərlər. Seanslar barədə mərkəzin saytı vasitəsilə məlumat almaq mümkündür.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə bildirdi ki, şəbəkəyə daxil olan bütün kinoteatrlarda fəaliyyət bərpa olunub.

Döyüş filmləri həvəskarları kinoteatrlar şəbəkəsində  dünya premyeraları 2021-ci ilin sentyabr ayında keçirilən ABŞ və Böyük Britaniya kinematoqrafçılarının birgə ərsəyə gətirdiyi “Ölmək vaxtı deyil”, “Baş qəhrəman”, “Cəngəllikdə kruiz” filmlərini izləyə biləcəklər. Həmçinin yerli kinokomediyalardan “Gələrsən, görərsən”, “Şabaş” da filmsevərlərin ixtiyarındadır.

LALƏ