Çin səddindən sonra dünyada ən böyük müdafiə istehkamı

 

Qədim tariximizin bütün dövrlərində şahlar, hökmdarlar vaxtilə “Quzğun dəniz” adlanan Xəzərlə dağlar arasındakı dar keçidləri bağlamaq və ölkəni şimaldan gözlənilən hücumlardan qorumaq məqsədilə bu yerlərdə möhkəmləndirilmiş qalalar, istehkamlar tikdiriblər.

Qədim Azərbaycan dövləti Qafqaz Albaniyası zamanında Dərbənddən Giləziyə qədər bir neçə müdafiə səddi inşa olunub. Qədim müəlliflər bu sədləri “Kaspi qapıları” adı ilə yanaşı, “Dəniz” və “Dərbənd” qapıları da adlandırıblar.

Erkən feodalizm dövründə Qafqaz Albaniyasında köçərilərin hücumlarının qarşısını almaq üçün müdafiə sədləri tikilirdi. Həmin sədlərdən ən möhtəşəmi indiki Siyəzən və Şabran şəhərlərinin ərazilərindəki, “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan “Gilgilçay” müdafiə istehkamıdır. Gilgilçay səddi Dərbənd keçidində tikilmiş “Uzun divarlar” adlanan müdafiə istehkamlarından ən əhəmiyyətlisidir.

Ümumi uzunluğu 120 km, divarlarının qalınlığı bəzi yerlərdə 8 metrə çatan “Uzun divarlar” tarixdə Çin səddindən sonra ən böyük müdafiə istehkamı hesab olunur.

Gilgilçay səddi dənizdən başlayaraq Çıraqqalaya qədər uzanır. Sədd çiy kərpic və yonulmamış daşlardan hörülüb.

Böyük ədib və tarixçi alim Abbasqulu ağa Bakıxanov məşhur “Gülüstani-İrəm” kitabında qeyd edir ki, bu sədd dənizdən başlayıb Əlixanlı (Alğonlu) kəndinin üst tərəfindən keçərək Çıraqqalaya bitişir. Oradan da üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək Qonaqkəndin üstündən Babadağa doğru gedir. Fransız rahibi Vilhelm Rubruk (XII əsr) bu qədim tikili haqqında yazır ki, biz oradan (Şabrandan) keçərkən dağlardan dənizəcən enən səddi gördük.

Ərəb müəlliflərindən İbn Xordadbeh xatırladır ki, Şirvan ölkəsində hələ I Kavaddan (448-531-ci illər) əvvəl də Kaspi sahili müdafiə sədləri olub. Bərmək səddindən 23 kilometr şimala “Abzud Kavad” adlanan divarlar Gilgilçay səddi boyunca uzanıb gedir. Bunların yanında Şaporan (Şabran) şəhəri yerləşirdi.

Tədqiqatçı alim Əsgər Əliyev öz araşdırmalarında tarixçi K.V.Treverə əsaslanaraq qeyd edir ki, Gilgilçay müdafiə səddi Sasani şahı II Yezdəgirdin vaxtında tikilib. Bəlkə də Şahənşah Firuzun vaxtında inşası başa çatdırılıb. Səddin Babadağa qədər hissəsində divarlarının hündürlüyü 5-7 metr, bəzi yerlərdə 7-11 metrə, eni isə 30-35 metrə qədərdir. Bu sədd şimaldan cənuba keçilməsi mümkün olan bütün keçidləri bağlayırdı...

Bu böyük səddin mərkəzində iki böyük şəhər-qala yeri diqqəti cəlb edir. Gilgilçay səddi dörd hissədən ibarət olub. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılıb. Səddə ən böyük bürcün hündürlüyü 4.7 metr, eni isə 7.2 metrdir. Bürc və divarlar əsasən yonulmamış daşlardan tikilib.

Gilgilçay səddi haqqında məlumatlar və arxeoloji tədqiqatlar göstərir ki, kaspi və alban tayfaları çox böyük miqyaslı belə tikilini on illər, bəlkə də yüz illər boyunca tikib başa çatdırıblar.

Dünya əhəmiyyətli Gilgilçay səddi “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun işçiləri tərəfindən mühafizə olunur, bütün sədd boyunca mütəmadi iməciliklər keçirilir, monitorinqlər aparılır.

Murad ZƏKİYEV
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ekskursiyaçısı