Mir Həmzə Nigarinin yaradıcılığına həsr olunmuş simpozium

 

Oktyabrın 3-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan təsəvvüf ədəbiyyatının nümayəndəsi, sufi şairi, nəqşbəndi şeyxi Mir Həmzə Qarabaği Nigarinin fəlsəfəsinə və yaradıcılığına həsr olunan simpozium keçirilib.

BDU və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə təşkilatçılığı ilə keçirilən simpoziumda öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi anılıb.

Tədbiri açan BDU-nun rektoru Elçin Babayev çıxışının əvvəlində Azərbaycan-Türkiyənin qardaşlığından, bir il əvvəl bu günlər davam edən Vətən müharibəsindən söz açıb.

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mir Həmzə Nigarinin poeziyası və fəlsəfəsindən danışan E.Babayev qeyd edib ki, Qarabağda doğulan, lakin sonralar Türkiyədə məskunlaşan Mir Həmzə Nigari əsərlərində öz yurduna sevgisini daim ifadə edib. Qarabağdan xəbər versə, küləklərə canını qurban etməyə hazır olan Nigari bu torpağı dünyanın behişti adlandırır. Təsadüfi deyil ki, insanlar Qarabağın işğal altında olduğu dövrlərdə bu şeirlərlə təsəlli tapıb, öz həsrətlərini ovundurmağa çalışıblar. Vurğulanıb ki, çoxsaylı yetirmələri olan mütəfəkkir şair iki qardaş ölkə arasında hələ o dövrdə mənəvi bağlılıq yaradan simalardandır.

Daha sonra çıxış edən TADİV-in sədri, professor Aygün Attar böyük mütəfəkkir Seyid Nigarinin həyat və yaradıcılığı, fəlsəfəsi haqqında ətraflı məlumat verib.

Simpoziumun plenar bölümündə təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Xalq şairi Nəriman Həsənzadə, Mir Həmzə Seyid Nigari Qarabaği nəslinin davamçısı Mir Sədi Məmmədoğlu çıxış ediblər.

Çıxışlarda Azərbaycan ilə Türkiyənin tarixi birliyindən söz açılıb, Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycanın yanında olduğu vurğulanıb. Mir Həmzə Qarabaği Nigarinin həyat və yaradıcılığından danışan natiqlər onun əsərlərinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, şair əsərlərində doğma yurda sevgi ilə yanaşı, insanları mənəvi saflığa, xeyirxahlığa çağırıb.

Bədii hissədə BDU tələbələrinin ifasında Mir Həmzə Seyid Nigari Qarabağinin divanından nümunələr səsləndirilib.

Beynəlxalq simpozium iki bölmədə işini davam etdirib. Mir Həmzə Nigarinin yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş elmi məruzələr dinlənilib.