Amma kitab alanların da nəşriyyatlardan gözləntiləri var

Texnologiya nə qədər inkişaf edib, vizual bilgilər həyatımızı nə qədər çox işğal etsə də, kitabla birbaşa rabitəni, onun verdiyi zövqü, sözsüz ki, əvəz edə bilməz. Kitabla görüş hər zaman və hər yerdə xoşdur, kitabın təbliğinə yönələn hər təşəbbüs təqdirəlayiqdir.

Xəbər verildiyi kimi, oktyabrın 1-dən Bakı Əl Oyunları Sarayında Milli Kitab Satış-Sərgisi keçirilir. Oktyabrın 5-də biz də sərgiyə baş çəkib həm alıcılar, həm də naşirlərlə həmsöhbət olduq. Müşahidəmə əsasən bir məqam üzərində xüsusilə dayanmaq istədim.

Bu gün əksər nəşriyyat-poliqrafiya müəssisələri, kitab yayımı işini təşkil edən şirkətlər kitab bazarında daha çox əlavə dərs vəsaitlərinə – test və sorğu toplularına, dərs vəsaitlərinə, abituriyent hazırlığı üçün materiallara üstünlük verirlər. Bu da normaldır. Çünki nəticə etibarilə nəşriyyatlar müştəriləri üçün işləyirlər. Amma baxır necə. Qiymət və keyfiyyət arasında ciddi fərq ilə. Hərçənd  alıcılıq qabiliyyətinin üstün olduğu bu bazarda yetərli rəqabət var və bu hər gün artmaqdadır. Amma təəssüf ki, bu rəqabəti nə qiymət endirimində, nə də müəllif rəngarəngliyində görə bilmirik. Bu kimi fikirləri stendlər önündə dolaşan və daha çox test toplularını vərəqləyən valideynlərdən də eşitdim. Vəziyyət belə olduqda bazardakı başqa bir boşluq da bədii ədəbiyyat, xüsusən uşaqlar  üçün nümunələrdə üzə çıxır. Məsələn, məktəbəqədər və məktəb uşaqları üçün dərs, dərsdənkənar ədəbiyyat, xüsusən nağıl və hekayə kitablarında bir neçə vacib nüans qətiyyən nəzərə alınmır. Dil faktoru, illüstrativ tərtibat, mövzu rəngarəngliyi və aktuallığı ümumən unudulur.

Bu mənada məşhur kitab yayımı şirkətlərindən birinin satış bölümündə uşaqları cəlb etmək üçün maraqlı, nağıl qəhrəmanı qiyafəsində sərgiyə rəngarənglik qatan gənc könüllü Kamal Abdullayevin fikirləri  anlaşılan idi. O, xüsusən Azərbaycan dilində çap olunan nağıl kitablarının tərtibat və dil məsələlərindən narazılıq etdi: “Ölkəmizdə kifayət qədər uşaqlar üçün nümunələr çap edən nəşriyyatlar var və biz bu sahədə rəqabəti daha çox görmək istərdik. Baxın, bu “Azərbaycan xalq nağılları”dır.  Amma üz qabığında da, içində də əyləncəli, gözoxşayan, bir növ oxucunu cəlb edən detalları nəzərə almayıblar. Məncə, bu məqam üzərində xüsusilə dayansaq, daha yaxşı olar”.

“Mücrü” nəşriyyatının direktor müavini, yazar Cəlil Cavanşir sərgiyə dərslik və 100-dən artıq bədii kitabla qatıldıqlarını deyir: “Bizim stendin ən çox tələb olunan kitabı bu yaxınlarda ərsəyə gətirdiyimiz “Bir saata tarix” seriyasıdır. Digər nümunələr də maraqla alınır. Müşahidəmə əsasən deyə bilərəm ki, daha çox gənc nəsil kitab alıcısına çevrilib və yəqin ki, bu da onların təhsil, daha çox xaricə gedib-gəlməsi, kitab ənənəsini görmələri və onu bizdə də tətbiq etmək istəkləri ilə bağlıdır”.

Dərslik kitablarının çapı və yayımı ilə məşğul olan “Güvən” nəşriyyatının təmsilçisi Anar Şıxcanov isə satış-sərgidə endrimli qiymətlərlə təqdim etdikləri kitablara böyük marağın olduğunu bildirir.

Onlayn kitab satışı ilə məşğul olan Tariyel Əliyev də məmnun görünürdü. Deyir ki, bir neçə gündə gözlədiyimdən də çox kitab satdım: “Endirimli kitablarla yanaşı oxucular keyfiyyətli nümunələrə də üstünlük verirlər. Tərtibat, üz qabığı da onlar üçün maraqlıdır. Təbii ki, büdcəsinə uyğun olanı axtaranlar da çoxdur. Ümid edək ki, bu kimi sərgilər həm kitabın kütləviləşməsinə dəstək olacaq, həm də bazara keyfiyyətli və qiyməti münasib çap məhsulları çıxacaq”.

Tədbirin təşkilatçısı, naşir Şahbaz Xuduoğlu kitabla bağlı ən müxtəlif formatlı sərgilərin daha çox naşirlərin işinə yaradığını və hər qiymətə kitab almaq istəyən oxucu ilə dialoqu baxımından əhəmiyyətli olduğunu bildirdi: “Biz bundan əvvəl də ölkəmizdə təşkil olunan sərgilərdə iştirak etmişik və bu, bizim işimizin inkişafına təkan verib”. 

Sonda onu da deyim ki, poliqrafiya müəssisələrinin bir növ podiumu xarakteri daşıyan bu kimi sərgilərdə iştirak edənlər bir məqamı xüsusilə diqqətdə saxlamalıdır: kitab məlumat vasitəsi olmaqla yanaşı, həm də nəsildən-nəslə ötürülə biləcək yaxşı mirasdır. Bu mənada naşirlər həm yaxşı kitabçı, həm də marketinqçi olmalıdırlar. Əks halda, qalan oxucunu da, kitab bazarında yeri də itirərlər...

HƏMİDƏ