Nəhayət ki, uzun, üzücü, ən əsası isə, məcburi antrakt bitdi, müvafiq qaydalar əsasında fəaliyyətinə imkan verilən mədəniyyət ocaqları sırasına teatrlar da qoşuldu. İlyarımdan çox müddətdə səhnələri qaranlığa qərq olan binaların, necə deyərlər, çırağı yandı.
Oktyabrın 1-dən işə başlayan teatrlar fərqli formatlarda (tam heyət, yaxud bədii şura qismində) toplaşmaqla yaradıcılıq planlarını, məşq qrafiklərini, ilk nümayiş tarixlərini müzakirə etdilər. Amma ilk günlərin həyəcanını tamaşaçı ilə yaşayanlar da oldu.
Məsələn, oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının yaradıcı heyəti səhnədə, tamaşaçılar isə zalda yerini aldılar. Tamaşaçılar arasında Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və səfirlik əməkdaşları, Mədəniyyət Nazirliyinin nümayəndələri də var idi.
Teatr təmsilçiləri çoxdan gözlədikləri görüşə repertuardakı ən baxımlı nümunələrdən olan “Evlənmə” ilə gəlmişdilər. N.Qoqolun məşhur əsərinin tamaşasında teatrın sevilən aktyorları maraqlı oyunları ilə göz oxşayıblar. Rejissor Emin Mirabdullayevin quruluş verdiyi tamaşa maraqla qarşılanıb.
Nümayiş və ondan öncə tamaşaçılar qarşısına çıxan teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski əlamətdar gün, çoxdan gözlənilən görüş münasibətilə teatrı da, teatrsevərləri də təbrik edib. Bundan sonra da fərqli səhnə nümunələri ilə tamaşaçılara əsl səhnə, teatr zövqü yaşadacaqlarına inamını da dilə gətirib. Pandemiyasız, məhdudiyyətsiz, qapanmasız zəngin teatr mövsümü arzusunu da ifadə edib.
Gecənin ən maraqlı və yaddaqalan bir məqamı da tamaşanı izləyən Vətən müharibəsi veteranlarının aktyorların alqış sədaları ilə səhnəyə dəvət edilmələri olub.
İlk günün həyəcanını canlı ünsiyyət, səhnədən tamaşa ilə qeyd edən kollektivlərdən biri də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı idi. 90-cı yubiley mövsümünü yaşayan sənət ocağı “Cırtdan” tamaşası ilə teatrsevərlərin qarşısına çıxıb. Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirən Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.
İlk günün hər iki seansını (12:00 və 14:00) Vətən müharibəsi şəhidi və qazilərinin övladları üçün hədiyyə edən teatr təmsilçilərinin bu addımı balacalar tərəfindən maraqla qarşılanıb.
Qusar Dövlət Ləzgi Dram Teatrı da oktyabrın 1-dən qapılarını tamaşaçılarının üzünə açıb. Teatrda yaradıcılıq toplantısından savayı, tamaşaçılar üçün məşq-nümayiş də həyata keçirilib. Beləcə, tamaşaçılarla teatr kollektivi ilk günü birlikdə keçirməyə çalışıblar.
Gəncə Dövlət Kukla Teatrı 36-cı teatr mövsümünün ilk nümayişinə 1 oktyabrdan start verib. Teatrda Qrim qardaşlarının “Bremen musiqiçiləri” nağılının tamaşası təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Xudayət Əsgərov, quruluşçu rəssamı Əntiqə Bədirova, musiqi tərtibatçısı Mahirə Haqverdiyevadır. Gəncəli kuklaçılar da ilk nümayişlərini Qarabağ müharibəsi şəhidləri və veteranlarının yadigarları üçün ediblər. Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov teatrın bir qrup əməkdaşını diplomla təltif edib.
HƏMİDƏ