Oktyabrın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rus bəstəkarı A.Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcək.
Bu, 2020-ci ilin martında koronavirus pandemiyası ilə bağlı yaradıcı fəaliyyəti dayanmış teatrda ilk premyeradır. Xatırladaq ki, ölkənin teatr və konsert müəssisələri müəyyən qaydalar daxilində fəaliyyətini 1 oktyabrda bərpa edib. Akademik Opera və Balet Teatrında isə bundan bir müddət öncə, 18–24 sentyabr tarixində keçirilən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" (Ü.Hacıbəyli) və "Traviata" (C.Verdi) operaları nümayiş olunmuşdu.
Teatrdan verilən məlumata görə, oktyabrın 9-da A.Borodinin "Qıpçaq rəqsləri"nin premyerası ilə yanaşı, N.Rimski-Korsakovun birpərdəli "Şəhrizad" baleti də nümayiş olunacaq.
Bəstəkar A.Borodin "Knyaz İqor" operasının bir hissəsi olan "Qıpçaq rəqsləri"ni 1875-ci ilin yayında ərsəyə gətirib. Bəstəkar bu opera üzərində 18 il işləyib, lakin tam olaraq yazıb başa çatdıra bilməyib. Onun ölümündən sonra musiqi materialları əsasında A.Qlazunov operanı tamamlayıb, N.Rimski-Korsakov isə klavirin böyük bir hissəsini orkestr üçün işləyib. Operanın premyerası 23 oktyabr 1890-cı ildə Sankt-Peterburqun Mariinski Teatrında baş tutub. Xoreoqraf L.İvanovun quruluş verdiyi "Qıpçaq rəqsləri" tamaşaçılarda dərin təəssürat oyatmışdı. Sonradan "Qıpçaq rəqsləri" müstəqil balet tamaşası kimi bir çox teatrlarda səhnəyə qoyulub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşunda "Qıpçaq rəqsləri" baleti rəngarəng dekorasiyaları və zəngin kostyumları ilə diqqəti cəlb edir. Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Samir Səmədov (M.Fokinin xoreoqrafiyası əsasında), musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, səhnə tərtibatçısı Xalq rəssamı Rafiz İsmayılovdur.
Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, truppanın gənc solistləri Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa edəcəklər.