Şəhid ailələri və qazilər üçün ədəbi-bədii, musiqili axşam
Pandemiya səbəbindən 2020-ci ilin martından qapıları bağlanan teatr-konsert müəssisələri Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı ilə oktyabrın 1-dən tamaşaçıları qəbul etməyə başlayıb.
Paytaxtın əsas səhnəsi olan Heydər Əliyev Sarayı oktyabrın 7-də uzun fasilədən sonra sənətsevərləri “Bakıdan Qarabağa” adlı ədəbi-bədii, musiqili axşamda bir araya gətirdi.
Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə ərsəyə gələn konsert 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər, eləcə də ərazi bütövlüyümüz uğrunda canını fəda edən şəhidlərin ailələri üçün nəzərdə tutulmuşdu.
Proqramda Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestrinin müşayiəti ilə Xalq artistləri Nurəddin Mehdixanlının qiraətində şeirlər, Flora Kərimova, Samir Cəfərov, Əməkdar artistlər Ramil Qasımov, Teymur Əmrah, Fərqanə Qasımova, İnarə Babayeva və ifaçılar Zamiq Hüseynov, Nərmin Kərimbəyova, Samirə, Abgül Mirzəliyev, Nadir Qafarzadə, Kənan Qədimov, Aynur İsgəndərlinin ifasında vətənpərvərlik ruhlu mahnılar səsləndirildi.
Bütün ifalar alqışlarla qarşılandı.
Lalə AZƏRİ