Vətən o zaman sarsılmaz olur ki, o torpaq uğrunda canından, qanından keçən qəhrəman övladlara sahib olur. Vətəni bizlər üçün hər şeydən müqəddəs edən torpağına onun azadlığı uğrunda vuruşmuş qəhrəmanların axan qanlarıdır.
Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda böyük şücaət göstərmiş şəhid qəhrəmanlarımızdan biri də Kürdəmir rayon Karrar qəsəbəsində dünyaya göz açmış Məlik Zülfüqarovdur. O, 2001-ci il iyulun 27-də anadan olub. 2007-ci ildə qəsəbə tam orta məktəbinin birinci sinfinə gedib. Onun orta məktəbdə təhsil aldığı illər mənim də orada oxuduğum dövrə təsadüf edirdi. Çox yaxşı xatirimdədir, Məlik xoşrəftar, üzügülər, təmkinli, ürəyiaçıq bir gənc idi və müəllimlərinin böyük hörmətini qazanmışdı. Orta məktəbi 2018-ci ildə bitirdikdən sonra 2019-cu il oktyabrda hərbi xidmətə yola salındı. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan ilk günlərdən Füzuli-Xocavənd istiqamətində gedən gərgin döyüşlərdə böyük qəhrəmanlıqla vuruşmuşdu.
Mən Məlik Zülfüqarovun şəhadətinin ildönümü ərəfəsində anası Yeganə Adilovanı evlərində ziyarət etdim. Yeganə ana sadə, həm də əzab-əziyyətlə başa gətirdiyi evini Məlik Zülfüqarov başda olmaqla Vətən müharibəsi qəhrəmanlarımızın şəkilləri ilə bəzəmişdi. Hər bir şəkil qəhrəmanların həyat yolundan sözün belə gücü yetmədiyi dərəcədə xatirələrlə dolu nələrsə söyləyirdi. Sanki bu kiçik ev müqəddəs bir ocağa çevrilmişdi. Ev başdan-başa Məlikli günləri xatırladırdı. Övladını Vətən uğrunda qurban vermiş qəhrəman ananın gözlərində böyük bir nigaranlıq duyulduğu kimi, sarsılmaz işıq da parlayırdı. Vətənimizə qəhrəman, namuslu övlad yetişdirdiyi üçün ona təşəkkürümü bildirdim.
Yeganə ana gözləri nigaranlıq çəkə-çəkə Məlikdən danışmağa başlayır. Deyir ki, o, xidmətdə olarkən artıq bacısının 1-ci sinfə getmək zamanı idi. Ancaq Məlik məktəbə ilk dəfə özünün aparmağı arzulayırdı. Ana övladının arzusunu yerə salmayaraq bir il qızının məktəbə getməsini təxirə salır...
Məlik anası ilə son dəfə oktyabrın 14-də əlaqə saxlayıb və bu onun son telefon danışığı olub. Telefon zəngində narahat olmamalarını, özlərinə yaxşı baxmalarını istəmişdi. Daha sonra bacısı ilə danışıb. Bacısı deyib: “Qardaşım, 16 oktyabr mənim doğum günümdür, amma anam deyir qardaşın müharibədədir, doğum günü keçirmək olmaz. Məlik “Əziz bacım, inşallah ki, sağ qayıdım, sənə özüm doğum günü keçirəcəm” deyib. O, bacısına verdiyi sözü tuta bilməsə də, Vətənə verdiyi sözü layiqincə yerinə yetirdi...
Məlik Zülfüqarov oktyabrın 21-də Füzulinin Əsgərli kəndi uğrunda ağır döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Doğulduğu Karrar qəsəbəsində torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Yeganə ana özünü toparlayıb sözünə böyük məğrurluq hissi ilə davam etdi: “Mənim bu gün bircə təsəllim odur ki, oğlumun da cəsarətlə vuruşaraq şəhid olduğu Füzuli rayonu da daxil Qarabağımız işğaldan azadlığa qovuşub”.
Yeganə xanım öz mərdliyi ilə artıq ölkəmizdə ad-san qazanıb. O, dövlətimizin şəhid ailələri üçün verdiyi birdəfəlik yardımı Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb. Yeganə xanım bir daha sübut edib ki, onun üçün Vətən, yurd sevgisi dünyanın ən şirin nemətidir. Övladını Vətən uğrunda fəda vermiş ana ən çətin zamanlarında belə möhkəm, məğrurla dayanmağı bacarıb.
Məlik Zülfüqarovun döyüş yoldaşları onun mərdliyindən ürəkdolusu danışaraq bizi xüsusilə qürurlandırdılar. Qeyd etdilər ki, Məlik daim yoldaşlığa sadiq və mübariz bir oğlan idi və Füzuli-Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə, Füzulinin bir sıra kəndlərinin azad olunmasında böyük əzmkarlıq nümayiş etdirib. Çox məharətli snayper idi və düşmən mövqelərinin yarılmasında xüsusi rəşadəti ilə seçilərək zabitlərin böyük rəğbətini qazanmışdı. O, döyüşlərin ən şiddətli vaxtı yoldaşlarını daim irəli atılmağa və düşmənə qarşı amansız olmağa səsləyirdi.
Məlik Zülfüqarovun keçdiyi qəhrəmanlıq yolu bu günün və gələcəyin yetişəcək nəsillərinə rəşadət örnəyidir. Ruhu şad olsun.
Elmir HƏSƏN