Vətənə sevgisi, düşmənə sonsuz nifrəti Lənkəran rayonunun Sütəmurdov kəndində dünyaya gəlmiş Rəşid Rəşad oğlu Məmmədova əbədi bir ömür qazandırdı. Gəlib-getdiyi yol cəmi 23 il çəkdi, amma Rəşidin igidliyi, mərdliyi el-obanın dilində dastana döndü. İkinci Qarabağ müharibəsində canını 30 il düşmən əsarətində olan doğma torpağa fəda etməklə neçə-neçə gələn nəsillərə nümunə olacaq bir tarix yazdı. Bəli, Lənkəran elinin qəhrəman oğlu həyatını Azərbaycan üçün yaşadı və ona şöhrət olmağı bacardı. Alovlu Vətən sevgisinə görə “Vətən uğrunda” medalına layiq görüldü.

Elinə, yurduna ürəkdən bağlı, qurub-yaratmaq eşqli, məhəbbət soraqlı günlərə tapınan Rəşid Məmmədov 2015-ci ildə hərbi xidmətə gedir. Rabitəçi olur, Vətənə xidmət borcunu layiqincə yerinə yetirir. Hər dəfə işğal altındakı torpaqlar xatırlananda Rəşidin ən çox işlətdiyi kəlmələr belə olur: “Vətəni qorumaqdan, məqamında onun yolunda canından keçməkdən müqəddəs iş yoxdur”.

Bu amalla qəlbindəki qarşısıalınmaz istək onu yenidən ordu sıralarına aparır. O, müddətdən artıq hərbi qulluqçu kimi xüsusi kurslarda keçirilən təlimləri müvəffəqiyyətlə başa vurur və düşməndən qisas alacağı günü gözləyir. 2020-ci ilin 27 sentyabrında istəyinə çatır. Köksündə qəhrəman ürəyi daşıyan igid Vətən müharibəsinin ilk günündə erməni faşistlərə qarşı haqq savaşına başlayır.

Torpaq naminə Rəşidin döyüş yolu ağır müharibə meydanlarından keçir. Füzuli uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərir. Xeyli erməni zabit və əsgərinin, texnikasının axırına çıxır. Düşmənə qan udduran Rəşid Məmmədov 29 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır.

Zəfər tariximizdə şərəfli bir ad qoyan Rəşid şəhid olsa da, əməllərinin işığından ömürlərə nur gəlir. Bu ölməz hünərinə görə Lənkəran camaatı Rəşidlə qürur duyur, hər yerdə, hər zaman xatirəsini uca tutur.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü