Düz bir il bundan əvvəl, 2020-ci il oktyabrın 7-də anasına verdiyi sözü yerinə yetirərək elə qayıtdı ki, bütün el-oba onu qarşıladı. Gedişindən çoxumuzun xəbəri olmasa da, gəlişiylə bütün Azərbaycan onu tanıdı, qürur duydu...

Vaxtilə rinqdə erməni rəqibinin dərsini verərək bayrağımızı göyə qaldırmışdı. Bu dəfə savaş meydanında canı-qanı bahasına ermənilərə qan uddurdu, şanlı Zəfər tariximizə adını həkk etdirdi. İşğal olunmuş torpaqlarımızda bayrağımızı dalğalandıranlardan biri – şəhid Fərid Məhərrəmovdan söz açırıq.

Fərid Asif oğlu Məhərrəmov 2002-ci il fevralın 8-də Bakıda anadan olub. Əslən Zəngilan rayonunun Cahangirbəyli kəndindəndir. Zəngilan 1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda ailəsi doğma ocağından didərgin düşüb.

Fərid 2008-ci ildə Xocavənd rayonundakı tam orta məktəbin birinci sinfinə gedir. Daha sonra Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbdə oxuyub, bir müddət sonra isə təhsilini Kəlbəcər rayon 17 saylı tam orta məktəbdə (Bakıda yerləşir) davam etdirir. Uşaqlıqdan idmanla məşğul olan Fərid 2018-ci ildə Gürcüstanda keçirilən MMA (qarışıq döyüş idman növü – qaydasız döyüş) üzrə döyüşdə erməniyə qalib gələrək gümüş medala layiq görülür.

Fərid 2019-cu ildə orta məktəbi bitirir. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunsa da, təhsilini dayandırıb hərbi xidmətə yollanır. Xidmət vaxtı ona verilən tapşırığı vaxtlı-vaxtında yerinə yetirir və nizam-intizamı ilə seçilir.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində döyüşlərə qatılır. Laçın rayonu və Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edir. Sentyabrın 29-da mənfur düşmənin raket atəşi nəticəsində yaralansa da, döyüş yoldaşlarının həyatını xilas edir, çoxlu qan itirərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir.

Anası Nəzakət Məhərrəmova deyir ki, Fəridin yoxluğu onu nə qədər incitsə də, oğlu ilə qürur duyur. Çünki Qarabağda dalğalanan bayraqda mənim də oğlumun qanı var: “Xoşbəxtəm ki, bu gün mən bu adı daşıyıram – mən şəhid anasıyam. Bütün şəhid analarına üzümü tutub deyirəm ki, bizim balalarımız ölməyib, onlar şəhid olublar... Övladlarımız necə ki, bizim başımızı aşağı etmədilər, əyilmədilər. Biz də qəddimizi əyməyək, əyilməyək! Düzdür, övlad acısını heç nə əvəz etmir. Onların acısı mənim acımdır... Biz övladlarımıza uşaqlıqdan Vətəni sevməyi və onu qorumağı öyrətdik. Bunu da onlar öz əməlləri ilə sübut etdilər. Ölümün gözünə dik baxa-baxa düşmənin üstünə getdilər. Canları-qanları bahasına torpaqlarımızı mənfur düşməndən azad etdilər.

Fərid mənim təkcə oğlum deyildi, həm də dostum, qardaşım, sirdaşım idi, yeri gələndə bacım, anam idi. Anamgil məndən uzaq yaşayırdılar. Onların hansınasa ehtiyacım olan anda Fərid yanımda mənə dayaq idi. Mən Fəridlə həmişə fəxr etmişəm. Çünki istər müəllimləri, istərsə də dostları – hamı onun tərbiyəsindən, insanlığından, mərdliyindən danışardı”.

Qəhrəman şəhid 2018-ci ildə Gürcüstana yarışa gedəndə anasının şərəfinə medal gətirəcəyinə söz verib: “Medalı qazananda mənə zəng edib dedi ki, “Ana, düzdür, birinci yeri qazanmadım, ən önəmlisi erməniyə qalib gəldim. Azərbaycan bayrağını başımızın üstündə dalğalandırdım”. Həmin an yaşadığım qürur hissini mən ikinci dəfə onun şəhid xəbəri gələndə yaşadım. Çünki o rinqdə də, “bu rinq”də də balam erməniyə qalib gəldi, şəhidlik zirvəsinə yüksəldi, amma məğlub olmadı”.

Nəzakət xanım deyir ki, sentyabrın 26-da Fəridlə son dəfə telefonla danışıblar: “Müharibənin başlanacağını bilsə də, mənə bildirmədi. Həmin gün işdə idim, tanış olmayan nömrədən mənə zəng gəldi. Fərid idi. Dedi ki, ana, necəsən, atam, qardaşım necədi? Qardaşım sözünə baxırmı, baxmırsa, mən onunla danışım. Dedim ki, yox, anan qurban, sən necə mənə baxırdın, o da elə. Sonra yenə dönə-dönə soruşdu “yaxşısanmı, mən arxayın olummu ki, sən yaxşısan”... Mən də dedim ki, sən narahat olma, bala, sən gəl ki, mən yaxşı olum. Son sözü də bu oldu “gələcəm ana, gələcəm, gör sənin oğlun necə gələcək...”.

Sentyabrın 29-u komandirlərinə zəng edəndə dedilər ki, Fərid yaxşıdır. Yanımızda deyil, gedən kimi sizinlə danışdırarıq. Çox narahat idim. Hiss edirdim ki, oğluma nəsə olub. Yoxsa Fərid məni heç vaxt nigaran qoymazdı. Oktyabrın 5-i qarmaqarışıq yuxu gördüm. Gecə oyanıb evdə var-gəl etməyə başladım. Mənə elə gəldi ki, Fərid gəlib, qapının astanasındadır, qapını açsam, içəri girəcək. Səhər oğlum Cəlala dedim ki, nəsə Fəriddən narahatam. O da dedi ki, ana, qorxma, sənin oğlun aslan kimidir, sənin oğluna heç nə olmaz... Fərid dediyi kimi də gəldi. Oktyabrın 6-sı elə möhtəşəm gəlişi oldu ki... Hamı onu qarşıladı...”.

Atası Asif Məhərrəmov: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Oğlum haqqında mənə danışmaq çox çətindir. Çox yaxşı uşaq idi, həmişə qayğımıza qalırdı. Əsgərliyə gedənəcən evdə çalışırdı ki, özü mənə qulluq etsin. Həmişə telefonla danışanda deyirdi ki, anamdan, özünüzdən muğayat olun. Elə bil ürəyinə dammışdı. Allah 18 yaşınacan onu bizə verdi, sonra şəhidlik zirvəsinə yüksəltdi... Vətən sağ olsun!”.

Fəridin ən böyük arzusu işğalda olan torpaqların azad olunmasında iştirak etmək, torpaqlarımızı azad, Azərbaycanı bütöv görmək idi. Şükür ki, Fərid kimi qəhrəman oğullarımız sayəsində bütün şəhidlərimizin qanı yerdə qalmadı...

Fərid Məhərrəmov oktyabrın 7-də Sumqayıt şəhər məzarlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Ruhu şad olsun.

Səbinə ƏLİBALAQIZI