Milyonların diqqətində olan incəsənət bacarıq, istedad, böyük zəhmət və cəsarət tələb edir. Sənətin qəbul edilmədiyi vaxtlarda belə peşəsinə canı-qanı bahasına sarılan cəfakeşlər üçün isə sənət daim müqəddəsdir, ucadır.

Respublikanın Əməkdar artisti Süsən Məcidova (1916–1985) da sənətin geniş kütlə tərəfindən qəbul edilmədiyi, aktyorların təhdidlərlə üzləşib, ölümlə hədələndiyi bir dönəmdə səhnəyə çıxıb. Bacarığı, istedadı, məsləyinə olan böyük sevgisi sayəsində addım-addım irəliləyib, pillə-pillə sənət zirvəsinə qalxıb. Teatrda, kinoda yaradıcılıq taleyinə düşən epizod rollardan belə imtina etməyib, hər bir personajı inandırıcı, yaşarı təqdim edib, yaradıcılığını yaddaşlara yazıb. Fərdi dəst-xəttinə görə seçilən, xarakterik rolların ifaçısını anadan olmasının 105-ci ildönümündə yada salırıq.

XX əsrin əvvəllərinə qədər mövcud olan ictimai-mədəni həyat şərtlərinin çətinliyi haqqında dövrün ədəbi, sənət mühitindən, mətbuat səhifələrindən kifayət qədər xəbərdarıq. Həmin illərdə sənətə üz tutan insanları qaranlıqda işıq axtaran mücahidlər adlandırmaq olar. Dördillik ibtidai təhsil alan Süsən Məcidova səhnəyə ilk dəfə 1929-cu ildə dram dərnəyində çıxmış, bir müddət sonra Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda oynamağa başlamışdı. 1933-cü ildən qədəm qoyduğu Gənc Tamaşaçılar Teatrına ömrünün sonuna qədər sadiq qaldı, teatrın aparıcı aktrisalarından biri kimi tanındı, sevildi.

Xarakterik rollar ifaçısı kimi tanınan Süsən Məcidova bir müddət sonra filmlərə də dəvət alıb. 1955-ci ildə iki filmdə (“Bəxtiyar”, “Görüş”) çəkilib. Bundan sonra ardıcıl olaraq müxtəlif janrlı ekran əsərlərində maraqlı rollar yaradıb. Aktrisa “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Alma almaya bənzər” kinokomediyasında Haşımın qayınanası, “Anlamaq istəyirəm” kinodramında Bikə, “Əmək və qızılgül”də Sürəyya, “Günlərin bir günü...” filmində Mirvari, “Həyat bizi sınayır”da Sadıqın arvadı, “O qızı tapın” detektiv dramında Səyyarə, “Tütək səsi”ndə Suğra xala, “Sən niyə susursan?” filmində Bəbirin yanında işləyən qadın, “Şir evdən getdi” filmində nənə, “Telefonçu qız” məhəbbət dramında Səlminaz, “Tənha narın nağılı”nda Bəyxanım və digər filmlərdə yaddaqalan obrazlar oynayıb. Ekran obrazlarının çoxu kiçiplanlı olsa da, yaradıcılıq potensialı çərçivəsində rolun həyat durumuna və psixologiyasına uyğun şəkildə personajları inandırıcı təqdim etməyə nail olub.

Aktrisanın bir neçə kino obrazlarını xatırlayaq: “Bizim Cəbiş müəllim” filminin ilkin kadrlarında filmin baş qəhrəmanı Cəbiş müəllimlə həyat yoldaşı arasında olan dialoqun təfsirində Makedonun anasının obrazlara olan münasibətini görür, aktrisanın dialoqunda Cəbiş müəllimin (mülayim) və həyat yoldaşının (tələbkar) xüsusiyyətlərini öyrənirik. Keçid xarakterli dinamik hadisələrin fonunda köməkçi personajdan aldığımız məlumat tamaşaçını, qismən də olsa, hadisələrin məğzi, personajların qarşılıqlı münasibətlərilə tanış edir. Aktrisanın rola səmimi yanaşma üslubu, rolun xarakterinə uyğun danışması, dövrün hadisələrinə və xarakterlərə münasibəti onu inandırıcı çatdırmasına imkan verir.

“Yeddi oğul istərəm” tarixi dramında əks olunan həyat həqiqətlərinin məzmunu yaradıcı heyətin peşəkar ifası zəminində açılır, tamaşaçıda dərin təəssürat yaradır, realist obrazlar hadisələrin şərhinə rəvac verir. Filmin ilkin kadrlarında kəndə daxil olan komsomolçuları qarşılayan Qəqəninin anası onları kənddəki mövcud vəziyyətlə tanış edir. Kəndə gələn atlıları qorxaraq izləyən digər kəndlilərdən fərqli olaraq qadının təlaş içində onlara yaxınlaşıb həyat yoldaşının qisasını istəməsi Gəray bəyin zülm və qırğınından sakinlərin təngə gəldiyini göstərir, kənddəki gərgin hadisələrini şərh edir. Aktrisanın səmimi jestləri, rolun mövqeyindən yaranan vəziyyətə uyğunlaşdırdığı davranışı ekran personajlarını filmlərdə aparıcı rol səviyyəsinə qaldırır.

Xalq artisti Tariyel Qasımovun sənət dostu haqqındakı fikirlərinə nəzər salaq: “Süsən xanım Gənc Tamaşaçılar Teatrının təməlini qoyanlardan biridir. Həmişə teatrın repertuarında olan tamaşalarda aparıcı rolları ifa edib. Sayılıb-seçilən aktrisalarımızdan idi. Eyni zamanda sadə, xeyirxah insan idi. Qastrollarda olanda bizə yemək bişirir, qayğımıza qalırdı. Səmimiyyətinə, insanlığına görə kollektiv onu çox sevirdi. Çox gözəl insan, peşəkar aktrisa idi”.

Süsən Məcidova 30-a yaxın filmdə fərqli xarakterlər yaradıb, eyni zamanda filmlərin səsləndirilməsində (“Gün keçdi” – nənə, “Uşaqlığın son gecəsi” – nənə və s.) yaxından iştirak edib.

Xalq artisti Yasin Qarayev onun dublyaj sənətinə önəm verdiyini, tez-tez filmlərin səsləndirilməsinə dəvət aldığını deyir: “Mən Gənc Tamaşaçılar Teatrına gələndə (1974-cü il) Süsən xanım artıq məşhur aktrisa idi. Çox güclü yumor hissi vardı. Səhnə plastikası, təqdimatı səmimi, koloritli idi. Baxmayaraq ki, dördillik təhsili vardı, ədəbi əsərləri dərindən qavrayır, müxtəlif tamaşalarda məharətlə çıxış edirdi. Komediyanın qrotesk tərəfini daha çox xoşlayırdı. Yadımdadır, yazıçı İsi Məlikzadənin “Sağlıq olsun” komediyasına Əməkdar artist Həsən Əbluc quruluş vermişdi. Komediya qrotesk üslubda deyildi, ancaq Həsən müəllim dəyişib bu üslubda səhnələşdirmişdi. O, yenilik sevən rejissor idi. Biz həmin tamaşada tərəf-müqabili olduq. Süsən xanım tamaşada janrın şərtlərinə, rejissorun tələbinə cavab verərək elə ifadəli oynayırdı ki, biz hamımız onun ifasına təəccüb edirdik.

Həyat yoldaşı Əlibaba Dadaşov da teatrda işləyirdi. İşə həmişə bir yerdə gəlib-gedirdilər. Ceyhun adında bir oğlanları vardı. Mən teatra yeni gələndə danışırdılar ki, teatrda yeganə qadındır ki, 50 yaşında uşaq dünyaya gətirib. Övladları olmurmuş. Ceyhun bir qədər gec dünyaya gəlib. Yaxşı əl qabiliyyəti vardı. Tələbə olduğumuz üçün həmin illərdə kirayədə qalırdıq. Süsən xanım da dadlı xörəklər bişirir, bizi tez-tez evlərinə qonaq çağırırdı ki, ev xörəkləri yeyək.

Oğlu Ceyhun sənəti seçmədi, ticarətlə məşğul olurdu. Süsən xanımın ömrünün axır çağlarında hiss edirdik ki, evdən tez-tez çıxmağa çalışır. Məlum məsələdi ki, ailə böyümüşdü, gəlin, nəvələr vardı. Yerləri darısqal idi. O özü də diabet xəstəsi idi. Tez-tez teatra gəlir, rejissordan rol istəyirdi. Rejissor deyəndə ki, ay Süsən xanım, axı rollar bölünüb, deyirdi, eybi yoxdu, kütləvi səhnələrə çıxaram, təki rol olsun. Sözsüz rolları oynamaq üçün də səhnəyə çıxırdı. Biz hiss edirdik ki, o, rahat olması üçün vaxtını işdə keçirmək istəyirdi. Təki məşğul olsun, başı qarışsın. Rolları o qədər səmimi, mehriban oynayırdı ki, tərəf-müqabil olsaq belə, oyununu heyranlıqla izləyirdik. Səhnədən çıxanda belə yerişinə alqış səslənirdi. Bütünlüklə sənətə bağlı insan idi...”.

Süsən Məcidova fərdi xarakterindən rollarına pay bölür, onları xüsusi məhəbbət, sevgi ilə yaradırdı. Aktrisanın “Görüş” kinokomediyasındakı Səlminaz obrazı ümumiləşdirdiyi tipik qadın surətlərindən biridir. Zəhmətkeş manqa başçısı, qayğıkeş və tələbkar ana Səlminaz öhdəçiliyə götürdüyü böyük bir pambıq sahəsinə başçılıq edir. Oğlu Ənvər onunla birgə pambıqyığan maşını ilə sahədədir. Maşını xarab olan Ənvər onu düzəltmək üçün çilingər çağırır. Çilingər isə kənd sakinlərinin meşşan, tənbəl kimi tanıdığı Kamildir. İşin yarımçıq qalmasından nigaran olan ana həm də pambıqyığan maşını idarə edən oğlunun səriştəsizliyindən narahatdır. Kamilin çilingər kimi köməyə gəlməsi isə manqa başçısının narahatlığını daha da artırır, durmadan deyinməsinə səbəb olur. Kamilin tez bir zamanda maşını düzəltməsindən sonra isə oğlunun peşə təcrübəsinin artması üçün onun köməyinə ehtiyacı olduğunu deyir, Ənvərə kömək etməsini istəyir. Kiçikplanlı rolun xarakterini, daxili nigaranlığını hadisələrə uyğun şəkildə, xarakterik cizgilərlə təqdim edən aktrisa fərqli rolların səciyyəvi cəhətlərinin açılmasına daim imkan yaradıb. Onun rollarına dəqiq yanaşma üslubu müxtəlif dövr insanlarının xarakterlərini çözməyə, təhlil etməyə imkan verib.

Aktrisanın “Bir cənub şəhərində” filmində canlandırdığı Mənsurə obrazı da fadəlidir. Mənsurə qonşuda olan toy mərasimini izləyərək həsəd çəkir, övladlarının ailə qurmasını arzulayır. Lakin oğlu Muradın jurnalist qız Rənaya vurulduğunu biləndə qayınana olma istəyi alt-üst olur. Hətta bu nikah baş tutarsa ürəyinin partlamasına səbəb olacağını söyləyərək tüğyan etməkdən çəkinmir. Köhnəlmiş, pas atmış düşüncələrin heç bir əsas olmadan ailə daxilində saldığı nifaq, narazılıq sadə, lakin avam düşüncəli ev qadınının məntiqsiz münasibətində göstərilir, ictimai qınaq qorxusu kimi təqdim olunur.

“Gözlə məni” filmində Süsən xanımla tərəf-müqabil olan kinoaktrisa, Fərqanə Quliyeva onun sənət uğurunu fərdi istedadı ilə əlaqələndirir: “Gülgəz roluna çəkiləndə çox cavan, həyatsevər bir qız idim. Bu mənim kinoda ilk rolum idi. Sevinirdim ki, elə bir aktrisa ilə tərəf-müqabil olmuşam. Çox sadə xanım idi. Mənə səxavətlə, xeyirxahlıqla yanaşırdı, analıq münasibəti göstərirdi. Ancaq rolu tamamilə fərqli, hiyləgər və təkəbbürlü idi. Onunla bir yerdə işləmək olduqca asan idi. Biz bir-birimizi gözəl başa düşürdük. Çəkilişlərdə mənə çox stimul verirdi. Sənət təhsili olmamasına baxmayaraq çox təbii oynayırdı. İşini sevən, hörmətlə yanaşan xarakterik aktrisa idi. Özünəməxsus rolları vardı və tamaşaçıya təsir etməyi bacarırdı...”.

Şəhla ƏMİRLİ
kinoşünas