Martın 5-6-da Mədəniyyət və Turizm Nazirliyi “Ata Turizm” şirkəti ilə birlikdə Naftalan kurort-şəhərinə müalicəvi turizm üzrə infotur təşkil edəcək. Nazirliyin Turizm şöbəsindən verilən məlumatda bildirilir ki, ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, ekstremal, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.
   Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin mütəmadi səfərlərini təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə Naftalan rayonuna təbliğat xarakterli səfər təşkil edilir.
   Səfərin məqsədi Naftalan şəhərinin turizm imkanlarının yerli turizm şirkətlərinə və KİV nümayəndələrinə tanıdılmasıdır. İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin, yerli turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 50 nəfərlik heyətin iştirakı nəzərdə tutulur. Turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində Naftalanda fəaliyyət göstərən mehmanxana və sanatoriyalarla tanış olmaq imkanı qazanacaqlar.
   
   Fəxriyyə