Rusiya Dövlət Akademik Böyük Teatrında Nikolay Rimski-Korsakovun “Sadko” operasının növbəti tamaşasında faciə yaşanıb.
Oktyabrın 9-da “Sadko” tamaşasının nümayişi zamanı səhnədə dekorasiyanın aşması nəticəsində 37 yaşlı aktyor Yevgeni Kuleş həyatını itirib. Fəci hadisə tamaşanın lap əvvəlində, səhnənin ikinci planında baş verib. Bundan dərhal sonra səhnədə pərdə endirilib. Yevgeni Kuleş 2002-ci ildən bu teatrda çalışıb.
Böyük Teatrdan bildirilib ki, hadisənin səbəbi tam aydınlaşdırılana qədər “Sadko” tamaşasının nümayişi qeyri-müəyyən vaxtadək dayandırılıb. Qeyd edək ki, N.Rimski-Korsakov rus nağıl qəhrəmanı Sadko haqqında operanın librettosunu da özü yazıb. İlk dəfə 1897-ci ildə nümayiş olunan tamaşanın səhnə tərtibatı müxtəlif montajlı dekorasiyalarla zəngindir.