Aksiya çərçivəsində 55 mindən çox kitab toplanıb
VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində maraqlı təqdimatlardan biri də bu ilin əvvəlindən Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsinə həsr olunmuşdu.
Sərginin sonuncu günündə (10 oktyabr) reallaşan tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qazandığı böyük Qələbədən danışdı. Bildirdi ki, otuz ilə yaxın işğal altında qalmış rayonlarda ümumilikdə 975 kitabxana binası və 4.6 milyon nüsxədən artıq kitab fondları ermənilər tərəfindən talan və məhv edilib. Ali Baş Komandanın işğaldan azad olunan rayonlara səfərləri zamanı erməni talançılığının izlərini göstərərək dediyi “Biz bunların hamısını bərpa edəcəyik” çağırışına qoşulan Mədəniyyət Nazirliyi və Milli Kitabxana bu ərazilərdə bərpa ediləcək kitabxanalar üçün kitab toplama kampaniyasını həyata keçirir: “Bu layihəyə ilk qoşulan Xalq yazıçısı Elçin olmuşdur. O, şəxsi kitabxanasından ilkin olaraq 500-ə yaxın kitabı bu məqsədlə kitabxanaya təqdim etmişdir. Daha sonra layihəyə ziyalılar, yazıçı və şairlər, nəşriyyatlar və bir çox vətəndaşlar qoşuldu”.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxış edərək sərgi iştirakçılarına göstərdikləri fəallığa görə təşəkkürünü bildirdi. Vurğuladı ki, “Qarabağa kitabla gedək” aksiyası çərçivəsində indiyədək 55 mindən çox kitab toplanılıb: “Bu gün biz Qarabağa həm mədəniyyətimizi, həm də ədəbiyyatımızı qaytarırıq. Bir daha bütün nəşriyyatlara, müəlliflərə üz tutaraq onları bu kampaniyada fəal iştiraka səsləyirəm. VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “TEAS Press”, “Parlaq imzalar”, “İpək yolu”, “Qədim Qala”, “Mimika yayımları”, “Renessans”, “Köhlən”, “Təhsil”, “Altun kitab” və s. nəşriyyatlar bu layihəyə öz kitablarını təqdim ediblər.
“İpək yolu” nəşriyyatından Ramiz Məmmədov, Bakı Dövlət Universiteti Elmi Kitabxanasının əməkdaşı Nigar İsmayılova çıxış edərək belə gözəl ideya üçün Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkürlərini bildirdilər. Vurğulandı ki, kitab bir işıqdır, mədəniyyətdir. Mədəniyyətimizi Qarabağa geri qaytarmaq hamımızın borcudur. BDU layihəyə ilkin olaraq 1000-ə yaxın ədəbiyyat bağışlayıb.
Tədbirin sonunda Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Azərbaycan Milli Kitabxanasına sərgidə “ən yaxşı ekspozisiya” nominasiyası üzrə xüsusi sertifikat təqdim etdi.
L.AZƏRİ