Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin qardaş ölkədə premyerası keçirilib. Türkiyəli telejurnalist Fulya Öztürkün 2020-ci ilin Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasında fədakar fəaliyyətindən bəhs edən ekran əsəri oktyabrın 5-də İstanbulda, ayın 9-da isə Ankara şəhərində nümayiş olunub.
Premyerada filmin qəhrəmanı Fulya Öztürk, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, filmin prodüserləri - “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov, “Dada Yapım” şirkətinin rəhbəri Özcan Dada, filmin yaradıcı heyəti, Ankarada yaşayan diaspor nümayəndələrimiz və digər qonaqlar iştirak ediblər.
Film 44 günlük Vətən müharibəsi zamanı cəsur reportyor kimi tanınan Fulya Öztürk və teleoperator Halil Kahramanın yaşadıqlarından bəhs edir. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur. Filmin çəkilişləri bu ilin iyun ayında Bakı, Gəncə, Bərdə və Tərtər ərazilərində aparılıb.
Qeyd edək ki, filmin Azərbaycanın kinoteatrlarında da nümayiş olunması nəzərdə tutulub.