Mahir Qəhrəmanov: “Turizm ili”nin əsas hədəfi turizm infrastrukturu ilə bağlı məsələlərin öz həllini tapmasıdır”
   
   Fevralın 25-də «Skal İnternational» turizm təşkilatının Bakı klubunun növbəti, 8-ci toplantısı «Grand Hotel Europa» mehmanxanasında keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizm İnstitutunun prorektoru Eldar Aslanov, ölkəmizdə fəaliyyət göstərən hotel və turizm şirkətlərinin rəhbərləri və KİV nümayəndələri iştirak edirdilər. 
   
   «Skal Bakı» klubunun prezidenti Ruslan Quliyev çıxış edərək ötən toplantıdan keçən müddətdə təşkilatın iştirak etdiyi tədbirlər barədə məlumat verdi. Qeyd olundu ki, İstanbulda keçirilən EMİTT turizm sərgisində qurumun nümayəndələri “Skal İstanbul”un üzvləri ilə görüşüblər. Görüşdə Türkiyə skalçıları Azərbaycana dəvət edilib və il ərzində ATİ-nin 15-20 tələbəsinin Türkiyədə təcrübə keçməsi barədə razılıq əldə olunub.
   R.Quliyevin sözlərinə görə, «Skal İnternational» turizm təşkilatı tərəfindən davamlı turizmin təmin olunması məqsədilə dünya skalçıları arasında «Ekotourizm award» müsabiqəsi elan olunub. Aprelin 30-dək quruma bir neçə layihə təqdim olunmalıdır: «Müsabiqənin əsas şərti təbiətin, ekoloji mühitin qorunmasına dair müzakirələrin aparılması və bu sahədə müxtəlif marşrutların işlənib hazırlanması, mədəni irsin qorunması, işgüzar həyat qabiliyyəti və maarifləndirici meyarlar, innovasiya sistemlərinin tətbiqidir. Qaliblər Finlandiyanın Turku şəhərində keçiriləcək 72-ci Dünya skal toplantısında mükafatlandırılacaq. Müsabiqədə turoperatorlar, şirkətlər, maarifləndirmə proqramı üzrə çalışanlar, turizm sahəsini işıqlandıran mətbu orqanlar, saytlar, turizm sahəsinə öz töhfəsini verən cəmiyyətlər, birliklər iştirak edə bilərlər».
   R.Quliyev onu da bildirdi ki, «Skal Bakı» müxtəlif ölkələrin skal təşkilatları ilə əməkdaşlığı da genişləndirir: “2010-cu ildə İsanbulda Roma, Lefkoşa (Şimali Kipr), Los-Anceles və Paris klubları ilə danışıqlar aparılıb. Burada əsas məqsəd yenə də Azərbaycanın turizm baxımından əlverişli ölkə olmasını dünyaya çatdırmaqdır».
   R.Quliyev «Turizm ili» çərçivəsində rəhbərlik etdiyi qurumun görəcəyi işlər barədə məlumat verərək dedi ki, 2011-ci il turizm sənayesində çalışan insanlar üçün böyük hadisələrlə yadda qalacaq: «Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm İnstitutunun yaranmasının 5 illiyi qeyd olundu. Apreldə Bakıda AİTF beynəlxalq turizm və səyahətlər sərgisinin 10 illiyini qeyd edəcəyik».
   Mədəniyyət və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, 2011-ci ilin «Turizm ili» elan olunması ilə bağlı bu sahədə çalışan müəssisələrin - assosiasiyaların, şirkətlərin, hotellərin rəhbərlərinin, habelə mütəxəssislərin təklifləri nəzərə alınaraq Tədbirlər Planı hazırlanıb: “Turizm ili”nin əsas hədəfi turizm infrastrukturu ilə bağlı məsələlərin öz həllini tapmasıdır. Digər hədəfimiz turizm işinin təşviqidir ki, bunu daha geniş coğrafiyada, daha böyük auditoriyaya çatdırmaq lazımdır. Bu il eyni zamanda turizm xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün bu sahədə peşə və ali təhsillə bağlı tədbirlər həyata keçiriləcək. Azərbaycan turizminin təşviqi ilə əlaqədar ölkədə və xaricdə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bütün bunlar Tədbirlər Planında öz əksini tapıb. Sənəd artıq Nazirlər Kabinetinə təqdim olunub. İndi müvafiq nazirliklərlə razılaşdırma mərhələsindədir. Onu da qeyd edim ki, Tədbirlər Planının əsas hədəflərindən biri də müalicə turizmi ilə bağlı, Gürcüstan, Türkiyə, Rusiya və İranla sərhədyanı turizm əməkdaşlığı məsələləri, turizm sahəsinə investisiya ilə əlaqədar beynəlxalq konfransların keçirilməsidir. Bu tədbirlərin keçirilməsində nazirliyə hotellər və turizm şirkətlərinin dəstəyi lazımdır”.
   Bu il Azərbaycanın müstəqilliyinin 20 ilinin geniş qeyd olunacağını, ölkə başçısının bununla bağlı xüsusi sərəncam imzaladığını deyən sektor müdiri Mədəniyyət və Turizm Nazirliyində də bir neçə layihə hazırlandığını bildirdi: “Azərbaycan qeyri-maddi irs nümunələri ilə zəngin bir ölkədir. Müxtəlif rayonlarda əl sənətkarlığı, muğam, musiqi və s. festivalların keçirilməsinə turizm şirkətlərini də cəlb etmək vacibdir. Turizm şirkətləri bu tədbirlərlə bağlı öz turist məhsullarını hazırlaya bilərlər. Bu həm də ölkəyə turist cəlbi baxımından da əhəmiyyətlidir».
   M.Qəhrəmanov maraqlı məlumatı da nəzərə çatdırdı. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi Şahdağın zirvələrinin birinə turizm ili ilə bağlı tur təşkil etməyi və həmin zirvədə lövhə qoymağı nəzərdə tutur: «Gələcəkdə turizm şirkətləri həmin marşrutu öz turpaketlərinə daxil edə bilərlər».
   «Skal Bakı»nın iclasında turizm sənayesinə tətbiq olunan vergi qaydaları da müzakirə olundu. Sonda Turizm İnstitutunun yeni yaradılan Milli Təlim Mərkəzinin və «Grand Hotel Europa» mehmanxanasının geniş təqdimatı keçirildi.

 Fəxriyyə Abdullayeva