Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlardan biri də Ruhin Müzəffər oğlu Xəlilovdur.

Ruhin 1987-ci ilin 13 martında Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunanda 6 yaşlı Ruhinin ailəsi Abşeron rayonunun Xırdalan şəhərində məskunlaşır. O, ilk təhsilini Xırdalan şəhər 1 saylı tam orta məktəbdə alır.

2005-ci ildə Bakı Asiya Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olan R.Xəlilov 2009-cu ildə ali məktəbi bitirir. Sonra hərbi xidmətə gedir. Ruhin yaşa dolduqca Vətən nisgilini də içində böyüdürdü. İnanırdı ki, nəhayət, bir gün doğma rayonunun azad edilməsi uğrunda döyüşən əsgərlərdən biri onun özü olacaq...

Hərbi xidməti başa vurandan sonra Ruhin ədliyyə işçisi kimi Biləsuvarda, İmişlidə çalışır. Qulluğunu nöqsansız yerinə yetirməsi rəhbərlik tərəfindən təqdirlə qarşılanır. 2019-cu ildə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində məsləhətçi vəzifəsinə irəli çəkilir və ədliyyə kapitanı rütbəsi alır.

2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhadət xəbərini alan kimi ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə getmək üçün yazılır. Vətən müharibəsi başlayandan 4 gün sonra – oktyabrın 1-də cəbhəyə yollanır. Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə şücaət göstərir. Oktyabrın 21-də döyüşlərin birndə Ruhin yaralı döyüş yoldaşını xilas etmək üçün irəli atılır. Düşmən onu qarın boşluğundan yaralasa da, yoldaşını yerə qoymur, güllə yağışı altından çıxarmağa davam edir. Növbəti güllə ürəyindən dəyir və şəhadətə yüksəlir.

2012-ci ildə ailə quran Ruhinin Qönçə və Melisa adlı qızları, Tunar adlı oğlu yadigar qalıb.

Şəhidin həyat yoldaşı Günel Xəlilova qeyd edir ki, Tovuz döyüşlərindən bir neçə gün sonra Ruhin cəbhəyə getmək üçün adını yazdıranda mən bir az ağladım, acıqlandım: “Axırda dedim ki, onda mənim adımı da yazdır. Sən hara getsən, mən də səninlə gedəcəyəm. Razılaşdı, şəxsiyyət vəsiqəmlə mən də onlayn qeydiyyata düşdüm. İxtisasca tibb bacısı olduğumdan ümidliydim ki, mən də onunla gedə bilərəm. Ancaq sonradan Ruhin məndən xəbərsiz qeydiyyatımı ləğv etdirdi. Sentyabrın 30-da Ruhin evə gəlib söylədi ki, sənədlərimi hərbi komissarlığa təqdim edib qayıdacağam. O, evdən çıxanda gördüm ki, iş paltarında yox, mülki geyimdə gedir. Heç nədən şübhələnmədim. Dostu gəlib onu maşınla apardı. Bir neçə saat sonra ona zəng vurdum, lakin əlaqə saxlaya bilmədim. Daha sonra dostu mənə zəng vurub dedi ki, Ruhin cəbhəyə getdi. Onunla sonuncu dəfə oktyabrın 19-da əlaqə saxladıq. “Hər şey yaxşıdır, narahat olmayın” deyib telefonu söndürdü. Səhərisi gün ona zəng çatmadı. Ayın 21-i isə şəhid olduğu xəbərini aldıq”.

Ruhin Xəlilov oktyabrın 22-də II Fəxri xiyabanda torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Həmçinin Ədliyyə Nazirliyi tərəfindən Ruhin Xəlilova ölümündən sonra “Fəxri ədliyyə işçisi” adı verilib.

Allah rəhmət eləsin.

NURƏDDİN