Azərbaycanda “Səhnə” adlı yeni teatr yaradılıb. Teatr “1 Səhnə” prodüser mərkəzinin nəzdində açılıb. Mərkəzin direktoru, aktyor Elçin Hacı bu barədə məlumat verərək teatrsevərləri təbrik edib.
“Səhnə” teatrının bədii rəhbəri Xəqani Əliyev yaradıcı kollektivin insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib.
Teatrın ilk işi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” adlı etno muzikl janrında tamaşa olacaq. Tamaşa oktyabrın 30-31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunacaq. Biletləri iticket.az saytından əldə etmək olar.
Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi Eminquey Akifdir. Rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq. Tamaşada səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblına məxsusdur. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.