Azərbaycan Dillər Universitetində (ADU) Magistratura şöbəsinin təşkilatçılığı ilə görkəmli kinorejissor, Xalq artisti Vaqif Mustafayev tələbələrə ustad dərsi keçib.

Universitetdən bildirilib ki, görüşdə sənətin incəlikləri və həyatda sənətin rolu barədə danışılıb. Sənətkar tələbələrə mədəniyyət dünyasında baş verən proseslərdən söhbət açıb. Qeyd olunub ki, sənətin mahiyyətini və əsl imkanlarını duymaq və anlamaq insanların ətraf aləmlə münasibətinə çox ciddi təsir edir.

Rejissor bildirib ki, istənilən ixtisas sahibinin bilməli olduğu məsələlər içərisində mədəniyyət və ədəbiyyat sahəsi önəmli yer tutur. Bu, istər müəllim, istər həkim, istər mühəndis olsun, fərq etmir. Hər kəs mədəni və ədəbi düşüncə baxımından müasir dünya ilə ayaqlaşmağa çalışmalıdır.

ADU-nun Pedaqogika kafedrasının müəllimi Vidadi Bəşirov qonaq haqqında ürək sözlərini söyləyib, Vaqif Mustafayevin Vətənə, millətə xidmətlərindən söz açaraq, tələbələrə bundan nümunə götürməyin vacibliyindən danışıb.

Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən rejissor çəkdiyi filmlərin kadrarxası məqamlarından, qarşılaşdığı maraqlı hadisələrdən bəhs edib, tələbələri maraqlandıran sualları cavablandırıb.