Gəncə Dövlət Dram Teatrının gənc rejissoru Elşad Əhmədov Türkiyədə keçirilən 3-cü Maltəpə Beynəlxalq Teatr Festivalında (İstanbul) ölkəmizi təmsil edib. 7-10 oktyabr tarixində baş tutan teatr bayramına Ukrayna, Rusiya, Özbəkistan, Serbiya, İspaniya və digər ölkələrdən nümayəndələr qatılıb.
Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdiri Anar Burcəliyevin verdiyi məlumata görə, festival komitəsinin qərarına əsasən, iştirakçılar Azərbaycan, Türkiyə, Serbiya, Ukrayna, Özbəkistandan olan jüri üzvləri tərəfindən ümumilikdə 10 nominasiya üzrə qiymətləndirilib.
Festival çərçivəsində ustad dərsləri də təşkil olunub. Serbiya Dövlət Teatrının bədii rəhbəri və direktoru İvana Nedeljikoviç “Tamaşa zamanı emosiyaların idarə edilməsi”, Gəncə Dövlət Dram Teatrının rejissoru Elşad Əhmədov “Aktyor müşahidəsi və xarakter analizi”, ukraynalı aktrisa Natalya Polovyanka “Söz və səs” adlı ustad dərsləri keçiblər.