Oktyabrın 15-dən 20-dək “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” keçiriləcək. Layihə Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşacaq.
Layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar artist Ramil Qasımovun sözlərinə görə, festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır: “Birinci festivaldan fərqli olaraq, builki festival beynəlxalq status daşıyır və daha genişmiqyaslıdır. İnanıram ki, festival maraqla qarşılanacaq, əsl musiqi bayramına çevriləcək”.
Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiətilə tanınmış vokalçıların, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq. Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında maraqlı konsertlər, musiqili tamaşalar, təqdimatlar olacaq.
Festivalın təntənəli açılışı oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında keçiriləcək.